Gürcüstan məhkəməsi Arutyunyan barədə hökm çıxarmalıdır

Tbilisi məhkəməsi Vladimir Arutyunyan barəsində hökm çıxarmalıdır. Keçən ilin may ayında ABŞ prezidenti Corc Buş və Gürcüstan prezidenti Mixail Şaakaşviliyə qarşı sui-qəsd cəhdi və həbs edilməzdən əvvəl polis işçisini öldürməkdə ittiham edilən Arutyunyanı ömürlük həbs cəzası gözləyir.

Məhkəmə prosesi keçən ay başlayan Vladimir Arutyunyan prezidentlərin durduğu yerə qumbara atdığını etiraf edib. Qumbara 30 mertlik məsafədə düşmüş, lakin partlamamışdı. Özünü günahkar bilməyən Arutyunyan demişdir ki, əlinə imkan düşsəydi prezident Buşu öldürməyə yenidən cəhd edərdi.