Almaniyanın iki böyük partiyası mühafizəkar lider Angela Merkelin kansler olması barədə razılıq əldə edib. Beləliklə Almaniyada ilk dəfə olaraq qadın kansler seçilir. Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı və kansler Gerhard Sröyderin rəhbər olduğu Sosial Demokrat partiyasının rəsmiləri aralarında koalisiya hökumətin təşkili ilə bağlı üç həftə davam edən müzakirələrdən sonra bu gün xanım Merkelin kansler seçilməsi barədə razılıq əldə ediblər. Qeyd edək ki, sentyabr ayında keçirilən ümumi seçkilərdə adı çəkilən partiyaların heç biri əksəriyyət əldə edə bilməmişdi. Kansler Sröyder isə seçkilərdə məğlubiyyətini rədd etmişdi. Parlament seçkilərində əksəriyyət əldə etməyən partiya parlamentin üzvü olan digər partiyalarla koalisiya yaratmaqla hökümət təşkil etməlidir. Almaiya mediyasının yazdığına görə, razılığa əsasən kansler Sröyderin partiyası yeni hökumətdə iki əlavə yer əldə edəcək. Cənab Şröyder 8 il Almaniya kansleri olub. Onun yeni hökumətdə nə kimi rola malik olacağı hələlik bilinmir. Xristian Demokrat İttifaqı ilə Sosial Demokratik partiyaları arasında əldə edilən bu razılıq parlament tərəfindən təsdiq edilməlidir.