Martın 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən iqtisadçı Fazil Qasımova hökm oxunub. O, 9 il həbs cəzasına məhkum edilib.
Hökmdən öncə son sözünü deyən Qasımov əvvəlki iclaslarda olduğu kimi günahsız olduğunu bildirib, ittihamları rədd edib. O, məhkəmənin onun verdiyi vəsatətlərin heç birini təmin etməməsindən şikayətlənib.
Qasımovla birlikdə mühakimə olunan Anar Əliyevə isə 5 il həbs cəzası verilib. Əvvəlki iclasda dövlət ittihamçısı Qasımova 10, Əliyevə 6 il hökm oxunmasını istəmişdi. O bunu Əliyevin istintaqla əməkdaşlıq etdiyi və “faktların üzə çıxarılmasındakı” rolu ilə əsaslandırmışdı. Qasımov isə son sözündə Əliyevin ifadəsini yalan adlandırıb. “Bir nəfərin ifadəsi ilə bir alimi məhv edirlər”, - o qeyd edib.
2023-cü ilin iyununda iqtisadçı Qubad İbadoğlu Londonda Qasımov da daxil olmaqla bir neçə azərbaycanlı fəalla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunu yaratdıqlarının anonsunu verib. Onun həmin vaxt dediyinə görə, fondun məqsədi Azərbaycan məmurlarının qanunsuz yolla əldə edib xarici ölkələrə daşıdıqları vəsaitləri əldə etmək və gənclərin təhsilinə sərf etmək olub.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib və 2024-cü il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
2024-cü il mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o, həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.
Qasımov özü məhkəmədə bildirib ki, 2023-cü ilin avqustunda İstanbulda saxlanılıb Bakıya gətiriləndən sonra onu Qubad İbadoğlu ilə birlikdə yaratdıqları Azərbaycan Gənclərinin Təhsil Fondu barədə sorğu-sual ediblər.