Siyasi fəal Şəms İsmayılzadə azadlığa buraxılıb

Şəms İsmayılzadə, siyasi fəal

Şəms İsmayılzadə, siyasi fəal

Azərbaycanlı siyasi fəal və jurnalist Şəms İsmayılzadə martın 5-də, 9 aylıq həbs cəzasını başa vurduqdan sonra Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıb. O, 23 iyun 2024-cü il tarixində həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülmüşdü.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Şəms İsmayılzadə İran parlament seçkiləri zamanı səsvermə məntəqələrinin görüntülərini çəkməsi və yayımlaması səbəbindən Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən hakim Həmlbərin sədrliyi ilə "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə 9 ay həbs cəzasına məhkum edilmişdi.

Məhkəmə, onun çəkdiyi və yayımladığı boş seçki məntəqələri və aşağı seçici faəllığını əks etdirən görüntüləri cinayət kimi qiymətləndirib və bunun əsasında həbs hökmü çıxarıb.

Son parlament seçkilərində İran rəsmiləri seçici iştirakını 40% olaraq elan edib və bu rəqəmin İslam Respublikasının tarixində ən aşağı göstərici olduğu bildirib.

Şəms İsmayılzadə daha əvvəl, 2022-ci ildə baş verən kütləvi etirazlar zamanı Təbrizdə saxlanılıb və sosial mediada etiraz aksiyasına çağırış etdiyi üçün "rejim əleyhinə təbliğat fəaliyyəti göstərmək" və "müxalif qruplaşmalara üzv olmaq" ittihamları ilə üzləşib Məhkəmə onu ikinci ittihamdan bəraət qazandırsa da, sistemə qarşı təbliğat aparmaq ittihamı ilə 9 ay həbs cəzasına məhkum edib.