Avropa İttifaqı (Aİ) müxalif siyasətçi Tofiq Yaqublunun məhkum edilməsinə təəssüfünü ifadə edib.
“Aİ müxalifət lideri Tofiq Yaqublunun 9 il həbs cəzasına məhkum edilməsindən təəssüflənir. İnsanlar müxtəlif siyasi fikirlərini sərbəst şəkildə ifadə edə bilməlidirlər”, İttifaqın xarici işlər üzrə baş sözçüsü Anita Hopper martın 12-də “X” səhifəsində yazıb.
Sözçü əlavə edib ki, fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir.
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
2023-cü ilin dekabrın 14-də həbs edilən müxalif siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) olunurdu.
O, məhkəmədə son sözündə qeyd edib ki, həbsinin səbəbi siyasi fəaliyyəti ilə bağlıdır. Siyaətçi həmçinin aprel ayının 1-dən etibarən aclıq aksiyasına başlayacağını bildirib.
“Mənim həbsxanadan ancaq ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər. Məni dələduzluqda ittiham etmək tərbiyəsizlik, ləyaqətsizlik və şərəfsizlikdir. Mən 75 yaşında həbsxanadən çıxmaqdansa, ölümü seçirəm”, Yaqublu bildirib.
Azərbaycanda 2023-cü ilin sonundan etibarən başladılan cinayət təqibləri çərçivəsində çoxsaylı jurnalist və fəallar həbs edilib. Yerli və beynəlxalq insan hüquqları təşkilatları təqibləri “misli görünməmiş repressiyalar” kimi xarakterizə edib.
Aİ bundan əvvəl yanvar ayının 15-də yaydığı bəyanatında Bəxtiyar Hacıyev, Rail Abbasov və İlhamiz Quliyev kimi fəalların, “Kanal 11” internet televiziyasının jurnalisti Teymur Kərimov, eləcə də həmkarlar ittifaqı üzvü Afiyəddin Məmmədovun həbs cəzasına məhkum edilməsindən təəsüflənünü ifadə etmişdi.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Ancaq yerli hüquq müdafiə təşkilatları hazırda siyasi motivli əsaslarla həbsdə edilən 350-dən artıq şəxsin olduğunu vurğulayır.