Martın 12-də keçmiş diplomat və Azərbaycan hökumətinin tənqidçisi Emin Şaiq İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub. İclasda dövlət ittihamçısı İbrahimova 10 il hökm oxunmasını istəyib.
İclasda çıxış edərək son sözünü deyən İbrahimov özünü təqsirsiz hesab etdiyini, siyasi sifarişlə həbs olunduğunu bildirib.
İttiham aktında iddia olunur ki, İbrahimov 2024-cü ilin iyulunda paytaxtın Nizami rayonunda piyada hərəkət edərkən Kamil Şükürov adlı şəxslə toqquşub və əlbəyaxa mübahisə zəminində bıçaqla Şükürova zərbə yetirib.
İbrahimov əvvəlki iclaslarda qeyd edib ki, zərərçəkən olaraq göstərilən şəxsi tanımır və belə bir hadisə baş verməyib. O, həbsinin hökumətə qarşı tənqidləri ilə bağlı olduğuna inanır.
İş üzrə növbəti məhkəmə prosesi aprelin 11-ə təyin olunub. İclasın sonuncu olacağı və İbrahimova hökm oxunacağı gözlənilir.
İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur. Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində həbs qətimkan tədbiri seçib.
İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib. 2007-2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycanın Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.
İbrahimov Azərbaycan hökumətinin fəaliyyətini tənqidləri ilə tanınır.
Azərbaycanda son illər bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.