Tramp Kanadanın taxta-şalban və süd məhsullarına tarif tətbiq etməklə hədələyir

ABŞ-Kanada sərhədi. Bleyn, Vaşinqton. 5 mart, 2025.

ABŞ-Kanada sərhədi. Bleyn, Vaşinqton. 5 mart, 2025.

ABŞ Prezidenti Donald Tramp cümə günü bildirib ki, Kanada illərdir ki, taxta-şalban və süd məhsullarına rüsumlar tətbiq etməklə ABŞ-ı “soyur.” O, yaxın zamanda Kanadaya cavab tarifləri tətbiq etməklə hədələyib.

Oval Ofisdə müxbirlərlə danışan Tramp deyib ki, Kanadanın ABŞ-ın taxta-şalban və süd məhsullarına tətbiq etdiyi “nəhəng tariflər” ABŞ-ın öz məhsullarını Kanada satmasını qeyri-mümkün edib. O deyib ki, Kanada onları ləğv etmədiyi təqdirdə, o da Kanadaya bənzər tarif tətbiq edəcək.

Tramp cümə axşamı Meksika və Kanadanın Birləşmiş Ştatlara ixraclarının əksəriyyətinə yeni 25 faizlik tariflərini dörd həftə müddətə təxirə salıb. O deyib ki, Meksika tariflərini birbaşa Meksika Prezidenti Kladuia Şeynbaumla danışandan və o, hökumətinin miqrant və ölümcül fentanilin Birləşmiş Ştatlara axını azaltmağa yardım etdiyini deyəndən sonra təxirə salıb.

Bundan bir gün öncə isə Tramp bu iki ölkədən maşın idxallarına tarifləri müvəqqəti olaraq dayandırdığını elan edib. Belə ki, ABŞ-ın üç ən böyük avtomobil istehsalçısı tariflərin onlara böyük maddi təsirinin olacağını bildirib.

Tramp cümə günü deyib ki, “Hindistan bizə böyük tariflər tətbiq edir” və ABŞ Hindistana heç nə sata bilmir. Hindistan Xarici İşlər Nazirliyi isə cümə günü bildirib ki, ABŞ-la “tarifi və başqa əngəlləri azaldacaq və iki ölkə arasında təchizat zəncirinin inteqrasiyasını dərinləşdirəcək” ikitərəfli ticarət razılığı üzərində işləyir.