Avropa İttifaqının ən böyük təhsil proqramı olan “Erasmus+” Azərbaycan üçün fəaliyyətini dayandırır. Bu barədə “Milli Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov Facebook hesabında məlumat verib.
Bağırovun yazdığına görə, proqram çərçivəsində yeni fəaliyyətlər qeydiyyata alınmır və aktiv olanların isə icrası dayandırılır. Bura Azərbaycan və Avropa universitetləri arasında yüzlərlə tələbə və müəllim mübadilələri, Ali Təhsildə Potensialın Gücləndirilməsi layihələri, Jean Monnet təşəbbüsləri və başqa layihələr daxildir.
O əlavə edib ki, ümumilikdə fəaliyyəti dayandırılmış 27 layihə var və onların bəzilərinə nümunə olaraq universitetlərdə tədqiqat potensialının artırılması, dayanıqlı sahibkarlıq ekosisteminin inkişafı, yaşıl elm və iqlim dəyişikliyi və açıq elm və rəqəmsal transformasiya layihələrinin adlarını çəkib.
“Bundan əlavə, “Erasmus+” layihələrində 32 fərqli Azərbaycan ali təhsil müəssisəsi iştirak edir. Onların Avropa universitetləri ilə qurduğu akademik əməkdaşlıq bu layihələr vasitəsilə formalaşıb və bu prosesin dayanması həmin universitetlərin beynəlxalq fəaliyyətinə ciddi zərbə vura bilər. Bu vəziyyət proqramın Azərbaycandakı rəsmi icrası ilə bağlı yaranmış qeyri-müəyyənlikdən qaynaqlanır və təəssüf ki, hələlik hər hansı konkret həll yolu görünmür. Tərəfimizdən məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat verilib və problemin həlli yolu axtarılır. Vəziyyət dəyişərsə, sizi dərhal məlumatlandıracağıq”, - deyə Bağırov qeyd edib.
“Erasmus+” proqramı Avropa İttifaqının ali təhsil səviyyəsində maliyyələşdirdiyi ən irihəcmli proqramdır. Adətən yeddi ildən bir yenilənir və hazırda 2021-2027-ci illəri əhatə edir. Bu illər üçün nəzərdə tutulan ümumi büdcəsi 30 milyard avronu əhatə edir.
1993-cü ildən bəri təxminən 5 min azərbaycanlı tələbə “Erasmus+” proqramının tələbə mübadilələri çərçivəsində Avropa universitetlərində təhsil alıb.