Çinin maliyyə naziri: Ölkə iqtisadi risklərlə mübarizə aparmaq üçün tədbirlər görməyi planlaşdırır

Çinin maliyyə naziri Lan Foan

Çinin maliyyə naziri Lan Foan

Çərşənbə axşamı Çinin maliyyə naziri illik parlament iclasında həftə ərzində elan edilən stimullaşdırıcı tədbirlərə əlavə olaraq ölkənin yeni tədbirlərə açıq olduğunu bildirib. Çin bu yolla ABŞ-ın tətbiq etdiyi tariflərin ölkənin müəyyən etdiyi 5 faiz iqtisadi inkişaf hədəfinə mane olmasının qarşısını almaq niyyətindədir.

Baş nazir Li Qianq qanunvericilər qarşısında çıxış etdikdən bir gün sonra digər rəsmilərlə birlikdə mediaya açıqlama verən Lan Foan bildirib ki, Çin iqtisadi artıma mane ola biləcək daxili və xarici təhdidlərlə mübarizə aparmaq üçün geniş tədbirlər görməyə hazırdır.

Hökumət çərşənbə günü elan edib ki, ABŞ-la ticarət müharibəsi fonunda Çinin keçən illə müqayisədə iqtisadi artım tempini qorumaq üçün 2025-ci ildə əlavə fiskal tədbirlər həyata keçiriləcək.

ABŞ Prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi tarif artımı ölkənin geniş sənaye kompleksinə təhlükələr yaradır. Bundan əlavə, tələbdə müşahidə edilən zəifləmə və borcla yüklənmiş əmlak sektoru iqtisadiyyatın həssaslığını artırır.

Çinin dövlət planlayıcısı Jenq Şancie xarici qeyri-müəyyənliklərə və daxili tələbin azalmasına baxmayaraq, ölkə iqtisadiyyatının müəyyən edilmiş hədəflərə çatacağına şübhə etmədiyini bildirib.

Jenq əlavə edib ki, ölkə özəl sərmayəni artırmaq məqsədilə dəmir yolları, nüvə sahəsi, su ehtiyatlarının qorunması kimi sektorlarda əhəmiyyətli layihələrin həyata keçirilməsini planlaşdırır.