ABŞ-ın geri çəkilməsindən sonra Fransa Ukraynanı hərbi kəşfiyyat məlumatları ilə təmin edir

Fransanın müdafiə naziri Sebastyan Lekornu Parisdə keçirilən Nazirlər Kabinetinin həftəlik iclasından sonra Yelisey prezident sarayını tərk edir, 5 mart 2025-ci il.

Fransanın müdafiə naziri Sebastyan Lekornu cümə axşamı bildirib ki, Fransa Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşır. Bu addım ABŞ-ın Ukrayna ilə kəşfiyyat əməkdaşlığını dayandırmasından sonra atılıb.

Bu qərar Avropa İttifaqı liderləri Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə müdafiə xərclərinin artırılması və Rusiyanın hərbi müdaxiləsinə qarşı Ukraynaya dəstəyin gücləndirilməsi mövzusunda sammit keçirdiyi bir vaxtda verilib.

Fransa Prezidenti Emmanuel Makron görüşdən əvvəl bildirib ki, Aİ üzvləri "irəliyə doğru qətiyyətli addımlar atacaqlar." O həmçinin ABŞ prezidenti Donald Trampın Ukraynaya dəstəyindəki dəyişikliklərdən narahat olduğunu bildirib.

"Avropanın gələcəyi nə Vaşinqtonda, nə də Moskvada həll olunmalıdır", Makron vurğulayıb.

Ötən həftə Zelenski ilə Ağ Evdə keçirilən gərgin görüşdən sonra Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırması barədə əmr verib.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliff çərşənbə günü bildirib ki, ABŞ hələlik Kyiv ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb. Lakin bu qərar müvəqqəti ola bilər. Belə ki, Zelenski Ağ Evdə Tramp ilə apardığı danışıqların "təəssüf doğurduğunu" və Ukraynanın Rusiya ilə sülh danışıqlarına hazır olduğunu bildirib.

"Düşünürəm ki, hərbi və kəşfiyyat sahəsində yaranmış fasilə tezliklə aradan qalxacaq", – deyə Ratkliff "Fox Business Network" telekanalına müsahibəsində qeyd edib.

"Düşünürəm ki, biz Ukrayna ilə çiyin-çiyinə işləyəcəyik və bu aqressiyanı geri oturtmaq üçün səy göstərəcəyik, eyni zamanda dünyanı sülh danışıqlarının irəliləməsi üçün daha yaxşı vəziyyətə gətirəcəyik", – o əlavə edib.

2022-ci ildə müharibə başlayandan bəri ABŞ Ukraynaya, xüsusilə də Rusiya qüvvələrini hədəfə almaq üçün zəruri olan mühüm kəşfiyyat məlumatları təqdim edib.

Prezident Trampın milli təhlükəsizlik müşaviri Mayk Valtz çərşənbə günü jurnalistlərə bildirib ki, ABŞ "bir addım geri çəkilib" və administrasiya Ukrayna ilə kəşfiyyat əməkdaşlığının bütün aspektlərini nəzərdən keçirir.

Eyni zamanda, Valtz "CBS News"a müsahibəsində ABŞ-ın müharibəni dayandırmaq və Kyiv ilə mineral resurslarla bağlı müqavilə bağlamaq üçün sülh danışıqlarına başlamaq üçün cəld addımlar atdığını bildirib.

"Düşünürəm ki, biz çox qısa müddətdə hərəkət görəcəyik", – deyə Valtz qeyd edib.

O bildirib ki, Tramp administrasiyası Rusiya ilə məkik diplomatiyası yürütdüyü bir vaxtda, Ukrayna rəsmiləri ilə görüşlər keçirəcək.

"Ukrayna Milli Təhlükəsizlik müşaviri ilə telefonla danışdım, biz vaxtları, məkanları və nümayəndə heyətlərini müzakirə etdik", – deyə Valtz əlavə edib.

Lakin sülh sazişinə nail olmaq çətin ola bilər. Ukrayna uzun müddətdir ki, Moskvanın 2014-cü ildə Krımı birtərəfli qaydada ilhaq etməzdən əvvəlki beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasını tələb edir. Ümumilikdə, Rusiya hazırda Ukrayna ərazisinin beşdə birini, o cümlədən şərq bölgələrinin böyük hissəsini nəzarətdə saxlayır və bu əraziləri Kyiv hökumətinə qaytarmaqdan imtina edir.