Azərbaycan həbsdə olan jurnalist sayına görə bütün Avropa Şurası ölkələrini qabaqlayıb

Arixv fotosu: "Abzas Media"nın direktoru Ülvi Həsənlinin həbsi, 20 noyabr 2023-cü il

Azərbaycan 2024-cü ildə həbsdə olan jurnalist və media əməkdaşlarının sayına görə Avropa Şurası ölkələri arasında ilk sırada yer alıb.

Avropa Şurası Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatlarının “Avropa Mətbuat Azadlığı” illik hesabatına əsasən, ötən il dekabrın 31-də Azərbaycanda 30 jurnalist və media əməkdaşı həbsdə olub.

Martın 5-də Brüsseldə keçirilən tədbirdə mətbuat azadlığı təşkilatlarının nümayəndələri hesabatın tapıntılarını bölüşərək ötən il Avropada jurnalistlərə qarşı təzyiqlərə və təhdidlərə nəzər salıblar.

Müharibə zonalarında fiziki zorakılıq, siyasi təqiblər və həbslərlə yanaşı, artan dezinformasiya, rəqəmsal izlənmə, iqtisadi və leqal təhdidlərlə media orqanlarının ələ alınması, transmilli repressiyalar ötən il mediaya qarşı əsas təhdid mənbələri kimi vurğulanıb.

Jurnalistlərin Təhlükəsizliyi Platforması 2024-cü il ərzində jurnalistlərə qarşı 266 fiziki hücum, hədə-qorxu, həbs, cəzasızlıq və digər məhdudlaşdırıcı hal qeydə alıb.

İlin sonuna olan statistikaya əsasən, Avropa Şurasına üzv ölkələrdə 86 jurnalist həbsdə olub. Azərbaycan 30 jurnalistlə bu siyahıya başçılıq edib.

Ukrayna 28 jurnalistlə ikinci sırada gəlsə də, sözügedən jurnalistlər Ukraynanın işğal altında olan ərazilərində Rusiya hakimiyyət orqanları tərəfindən həbs ediliblər. Türkiyə isə 27 jurnalistlə üçüncü sırada gəlib.

Son olaraq ötən ilin sonunda Gürcüstanda bir jurnalist həbsdə olub ki, həmin jurnalist də Azərbaycanın hüquq mühafizə orqanlarının istəyi üzrə həbs edilən Əfqan Sadıqovdur.

Avropa Şurası ölkələrində həbsdə olan jurnalistlərin 2024-cü il 31 dekabr tarixinə olan sayı

Çərşənbə günü Brüsseldə Azərbaycanda jurnalistlərə qarşı “həbs dalğası”na toxunularaq vəziyyətin daha da pisləşdiyi vurğulanıb.

“Azərbaycanda vəziyyət etiraf etməliyəm ki, çox çətindir. Azərbaycan kimi rejimlərdə olduqca ağırdır. Ancaq biz səsimizi ucaltmağa, həbsdə olan jurnalistlər barəsində danışmağa, hökumətin, rejimin etdiklərini pisləməyə davam etməliyik,” Sərhədsiz Reportyorlar təşkilatının Brüssel bürosunun direktoru Juli Majerçak Amerikanın Səsinin sualına cavab olaraq bildirib.

Rəsmi Bakı müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı əsassız təqiblərlə bağlı tənqidləri israrla rədd etsə də, hüquq müdafiə təşkilatları ötən il ərzində hökumətin “misligörünməmiş repressiyalar” həyata keçirdiyi qənaətindədir.

Həbslərlə yanaşı, hesabatda Azərbaycan da daxil olmaqla hökumətlərin sürgündə olan jurnalistləri də hədəfə aldığı bildirilir. Əfqan Sadıqovun həbsini vurğulayan müəlliflər qeyd edirlər ki, bir zamanlar mühacirətdə olan jurnalistlər üçün təhlükəsiz yer hesab edilən Gürcüstan getdikcə daha təhlükəli yerə çevrilib.

Transmilli repressiyalar barədə Avropa Jurnalistlər Federasiyasının (EFJ) Baş katibi Rikardo Qutyerrez deyib ki, avtoritar hökumətlər artıq ölkə hüdudlarından kənarda məskunlaşan jurnalistləri hədəf almaqdan çəkinmirlər və bu məqsədlə İnterpoldan və digər vasitələrdən istifadə edirlər.

“İndi hökumətlər arasında hüquqi alətlərdən, təhlükəsizlik alətlərindən istifadə etməklə jurnalistlərə təzyiq göstərmək üçün bir növ ittifaq, deyərdim ki, sövdələşmə var. Və bu, Avropada olduqca yenidir”, Qutyerrez deyib və bu kimi halların ciddi narahatlıq doğurduğunu əlavə edib.

Hesabatda transmilli repressiyalarda hakimiyyət nümayəndələrinin siyasi ritorikasının da rol aldığı vurğulanır və Azərbaycan Milli Məclisinin deputatı Zahid Orucovun çıxışına diqqət çəkilir.

“2024-cü ilin martında azərbaycanlı deputat Sevinc Osmanqızı, Tural Sadıqlı və Qənimət Zahid də daxil olmaqla, sürgündə olan bir neçə jurnalisti “informasiya terrorizmi”nə və Azərbaycan prezidentini tənqid etdiyinə görə “qanuni hədəf” elan edib,” - hesabatda qeyd edilir.

“Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid tranmilli repressiya hallarının əslində daha geniş yayıldığını və adətən effektiv olduğunu, nəticədə xeyli insanın “çəkilib kənarda oturduğunu” deyir.

“Bu hesabatlar kifayət qədər mədəni üslubda, əminliyi şübhə doğurmayan faktların əsasında hazırlanır. Amma bu əminliyi şübhə doğurmayan faktlar ümumən baş verən prosesin cəmi bir neçə faizidir,” Zahid Amerikanın Səsinə deyib.

Hesabat müəllifləri həmçinin Azərbaycanın “Media haqqında” qanununun mətbuat azadlığını boğmaqda davam etdiyini bildirərək qanuna yenidən baxılmalı olduğunu vurğulayıblar.

“Bu qanunvericilik jurnalistlərin ictimai nəzarətçi roluna xələl gətirir və medianın müstəqilliyini daha da korlayır”, müəlliflər vurğulayıblar.

Sənəddə Azərbaycanın adı həmçinin jurnalistlərin qətlə yetirildiyi işlərdə cəzasızlıq hallarına görə çəkilir. Platformanın reyestrində Azərbaycanla bağlı iki belə iş var: mərhum jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının işləri.

Martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 20 il ötsə də, qətlin icraçıları və sifarişçiləri məhkəmə qarşısına çıxarılmayıb.

Arxiv fotosu: Martın 2-də Elmar Hüseynovun qətlə yetirilməsindən 20 il ötdü

2011-ci ilin noyabrında bıçaqlı hücuma məruz qaldıqdan sonra həyatını itirən yazıçı, publisist Rafiq Tağının işində də cinayətkarlar cəzasız qalmaqdadır.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hər iki cinayət hadisəsinin effektiv şəkildə araşdırılmadığına dair qərarlar çıxarıb.

Azərbaycanda 2023-cü ilin sonlarından etibarən başladılan cinayət təqibləri nəticəsində 20-dən artıq jurnalist, o cümlədən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil media orqanlarının Azərbaycandakı tam heyəti həbs edilib, redaksiyaları qapadılıb.

Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatları – Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi, Avropa və Beynəlxalq Jurnalistlər Federasiyaları və digərləri Azərbaycanda təzyiqlərin dayandırılmasına və jurnalistlərin azad edilməsinə dair dəfələrlə çağırış ediblər.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edirlər.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Azərbaycanlı rəsmilər bir qayda olaraq fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayırlar.