Tramp ABŞ-ın Ukraynaya yardımını dayandırıb

Arxiv- Əsgərlər Cənubi Karolina ştatının Şimali Çarlston şəhərində xaricə göndəriləcək Bredli zirehli texnikanı hazırlayır. 60-dan çox Bredli ABŞ-ın hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya göndərilib. 25 yanvar 2023-cü il.

Prezident Donald Tramp Ukraynaya yardımı dayandırıb. Bu barədə bazar ertəsi Ağ Ev məlumat yayıb.

“Prezident açıq-aydın bildirib ki, o, diqqətini sülhə yönəldib,” administrasiyanın yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə bildirib. Rəsminin adı praktikaya uyğun olaraq açıqlanmır. “Bizim tərəfdaşlarımız da bu məqsədə sadiq olmalıdır. Biz yardımımıza fasilə veririk və həll yoluna töhfə verdiyindən əmin olmaq üçün onu nəzərdən keçiririk.”

Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi müraciətində deyib ki, ölkəsinin “real, ədalətli sülh”ə, eləcə də Rusiyanın gələcəkdə Ukraynaya yenidən təhlükə yaratmayacağına dair təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.

“11 il əvvəl Rusiyanın Krımın işğalına və Donbasda müharibəyə başlamasına imkan verən məhz Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin olmaması idi,” Zelenski deyib. “Daha sonra təhlükəsizlik zəmanətlərinin olmaması Rusiyaya tammiqyaslı hərbi müdaxiləyə başlamağa imkan verdi. İndi də hələ də müəyyən olunmamış təhlükəsizlik zəmanətləri olmadığına görə, bu müharibəni davam etdirən Rusiyadır.”

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı müxbirlərə deyib ki, ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırması sülhə ən böyük töhfədir və bu, Ukraynanın sülh prosesinə daxil olmasına təkan verə bilər.

Tramp bazar ertəsi deyib ki, nadir torpaq mineralları ilə bağlı sövdələşmə ABŞ-ın Ukraynaya davamlı dəstəyinin açarıdır. O həmçinin deyib ki, çərşənbə axşamı Konqresin birgə sessiyası qarşısında çıxışı zamanı məsələ ilə bağlı açıqlama verəcək.

Cümə günü Trampla Zelenski arasında Ağ Evdə mübahisə yaşanıb. Oval Ofisdəki mübahisədən sonra Trampın ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməsi üçün mühüm olduğunu iddia etdiyi minerallarla bağlı sövdələşməsinə son qoyuldu.

Tramp döyüşlərə son qoymağa çağırıb, amma Zelenski Trampın münaqişəni Kyivdən çox Moskva üçün əlverişli şərtlərdə həll etməyə çalışdığına dair narahatlığını ifadə edib.

Bazar ertəsi prezident getdikcə kəskin mövqeyini bir daha təkrarlayıb: Ukrayna sağ qalmaq istəyirsə, Zelenski razılaşmalıdır.

"Bu, çox tez bir şəkildə edilə bilər," Tramp deyib. “İndi, ola bilsin, kimsə razılaşmaq istəmir və əgər kimsə razılaşmaq istəmirsə, düşünürəm ki, o adam çox uzun müddət qalmayacaq. O adama çox da qulaq asmayacaqlar, çünki mən Rusiyanın razılıq istədiyinə inanıram. Mən inanıram ki, Ukrayna xalqı, şübhəsiz ki, razılaşma əldə etmək istəyir. Onlar hamıdan çox əziyyət çəkiblər.”

Günün əvvəlində isə Tramp sosial mediada Zelenskinin Rusiyanın ölkəsinə qarşı müharibəsinin sonunun “hələ çox çox uzaq” olduğuna dair qiymətləndirməsini lağa qoyub və bunu “ən pis bəyanat” adlandırıb.

"Amerika buna daha çox dözümlülük göstəməyəcək!" o əlavə edib.