Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə iclası keçirilib. İclasın Yaqublunun işi üzrə sonuncu olacağı nəzərdə tutulsa da, o, məhkəmədən son söz demək üçün əlavə vaxt istəyib.
Yaqublunun qızı Nigar Həzinin Facebook səhifəsində bildirdiyinə görə, proses vəkillər Nemət Kərimli və Aqil Layıcın çıxışı ilə başlayıb. Onlar məhkəmədən müvəkkillərinə qarşı açılmış cinayət işinə xitam verilməsini istəyiblər.
Yaqublu ilə birlikdə ittiham olunan Elnur Məmmədov son sözündə cinayəti törətdiyini və əməlindən peşman olduğunu bildirib.
Növbə son söz üçün Yaqubluya çatdıqda isə, o, hazır olmadığını deyib və məhkəmədən son söz üçün əlavə bir həftə istəyib. Əlavə vəsatətlər də vermək istəyən Yaqubluya hakim Elnur Nuruyev məhkəmə istintaqı bitdiyini əsas gətirərək bu hüququ tanımayıb.
Yaqublu bu məqamda məhkəmədən əlavə vəkil tuta bilib-bilməyəcəyini soruşub. Hakimdən təsdiq cavabı aldıqda isə, o, ironiya ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kafedra müdiri, eyni zamanda dövlət ittihamçısı Tural Yaqubovun anası olan Firuzə Abbasovanı özünə vəkil tutmaq istədiyini deyib. “Qoy gəlib bura desin ki, oğluna nə öyrədib?”, Yaqublu əlavə edib.
Növbəti və son iclas martın 5-ə təyin olunub.
Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) maddələriylə ittiham olunur.
Cinayət işində iddia olunur ki, Yaqublu Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov vasitəsilə 25 min avro və 10 min manat alaraq onu aldadıb.
Fevralın 19-da baş tutan iclasda dövlət ittihamçısı bu ittihamlarla siyasi fəala 10 il həbs cəzası kəsilməsini təklif edib. Digər təqsirləndirilən Elnur Məmmədova isə 9 il həbs cəzası verilməsini istəyib.
Yaqublu ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu deyir. O, daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda və başqa ittihamlarla təqsirləndirilib və bir neçə dəfə həbsdə olub.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Bunların 32 nəfərini müxalifət partiyaları və hərəkatlarının üzvləri təşkil edir.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.