BMT-də Rusiyanın Ukraynadakı müharibəsinə son qoyulması ilə bağlı iki qətnamə qəbul edilib

BMT baş qərargahı. Nyu York şəhəri. 24 fevral, 2025.

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin üçüncü ildönümünü birini Kyivin Avropa İttifaqı ilə birgə, ikincisini isə ABŞ-ın hazırladığı müharibənin dayandırılmasına dair bir-birinə zidd qətnamələri cüzi səs fərqi ilə təsdiqləməklə qeyd edib.

“Rusiya Ukraynanın təslim olacağına inanırdı. Rusiya bizim üç günə süqut edəcəyimizə inanırdı. Rusiya hökumətimizin qaçacağına inanırdı. Ancaq, Rusiya çox səhv hesabladı,” Ukrayna xarici işlər nazirinin müavini Mariana Bets deyib və ukraynalıların möhkəm dayanmaqda və müqavimət göstərməkdə davam etdiyini söyləyib.

İclasdan bir neçə həftə əvvəl yalnız Ukraynanın qətnamə layihəsi olub və o, 193 üzvlük qurum tərəfindən qəbul edilmiş əvvəlki qətnamələri əks etdirib. Həmin qətnamədə Rusiyanın “Ukraynaya tam miqyaslı hərbi müdaxiləsi”na istinad edilib və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun və “onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” “hərtərəfli, ədalətli və davamlı sülhə” çağırılıb.

Ancaq cümə günü günortadan sonra, Birləşmiş Ştatlar “münaqişəyə tez bir zamanda son qoymağa və Ukrayna ilə Rusiya Federasiyası arasında davamlı sülhə çağıran” “Sülhə Aparan Yol” adlı öz qısa mətnini irəli sürüb. Orada Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bəhs edilməyib.

Rusiyanın BMT-dəki səfiri ABŞ qətnaməsini “yaxşı addım” adlandırıb.

“Bu, bizim sülhə doğru real momentum yaratmaq üçün fürsətimizdir,” ABŞ Dövlət katibi Rubio cümə günü açıqlamasında deyib.

Avropalı diplomatlar ABŞ-ın qətnamə layihəsinin müharibənin kritik anında Ukraynaya beynəlxalq dəstəyi sarsıtmasının qarşısını almaq üçün həftə sonu görüşlər keçiriblər. Bazar ertəsi onlar ABŞ mətninə üç düzəliş təklif ediblər ki, onların hamısı Baş Assambleya tərəfindən qəbul edilib.

Onlar ABŞ mətninə dəyişiklik edərək, “Rusiya-Ukrayna münaqişəsi” ifadəsini “Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi” ilə əvəz ediblər. “Ukraynanın ərazi sularına qədər uzanan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqliyi bir daha təsdiqlənir” deyə yazılan paraqraf da əlavə edilib. Paraqrafda həmçinin BMT Nizamnaməsinə və dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstək ifadəsi də yer alıb.

Düzəliş edilən ABŞ mətni səsverməyə qoyulduqda, Vaşinqton bitərəf qalıb. Qətnamə, səsvermədə 93 dövlətin lehinə, 8-nin əleyhinə və 73-ü bitərəf qalması ilə qəbul edilib.

"Bu düzəlişlər müharibənin sona çatması deyil, söz müharibəsi məqsədi daşıyır" ABŞ nümayəndəsi Doroti Şi deyib. "Bu sözləri əlavə etmək cəhdi diqqəti bu proqressiv qətnamə ilə əldə etməyə çalışdığımız şeydən yayındır: Bu münaqişəyə son qoymağa çağıran bir qətnamə arxasında birləşmək üçün bu qurumun üzvlərinin möhkəm konsensusu."

Rusiya da ABŞ-ın qətnamə layihəsinin əleyhinə səs verib, çünki onların münaqişənin əsas səbəbləri olduğunu söylədiyi şeyləri həll etmək üçün qətnamə layihəsinə düzəliş etmək cəhdləri Assambleya tərəfindən rədd edilib.

"Onun mahiyyəti tamamilə təhrif olunub," Rusiya nümayəndəsi Vasili Nebenzia deyib. Amma o, ABŞ-ın addımını alqışlayıb və bunun ardınca başqa yeni təşəbbüslərin olacağına ümid etdiyini söyləyib.

Ukraynanın qətnaməsi isə 93 ölkənin lehinə, 18-in əleyhinə səs verməsi və 65 ölkənin bitərəf qalması ilə gurultulu alqışlar altında təsdiqlənib. Bu, Ukraynanın Assambleyada son üç il ərzində aldığı ən zəif dəstək olub.

Rusiya və onun müttəfiqləri Belarus və Şimali Koreya, həmçinin bir sıra Afrika dövlətləri, Avropa İttifaqındankı outlayer olan Macarıstan və İsrail kimi ABŞ da Ukrayna mətninin əleyhinə səs verib.

Baş Assambleyanın qətnamələri hüquqi müstəvidə məcburi deyil, lakin onlar beynəlxalq ictimaiyyətin mövqeyini əks etdirir.

Bununla belə, ABŞ-ın orijinal qətnamə layihəsini səsvermə üçün bazar ertəsi BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyi gözlənilir. Təhlükəsizlik Şurasında qətnamənin qəbul olması üçün 15 üzvdən ən azı doqquzu onun lehinə səs verməlidir və daimi üzvlərdən heç biri - Böyük Britaniya, Çin, Fransa, Rusiya və ya ABŞ veto hüququndan istifadə etməməlidir.

Avropalılar qətnamə layihəsinə etdikləri üç düzəlişi də səsverməyə çıxaracaqlarını bildiriblər. Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bazar ertəsi bildirib ki, Vaşinqton onun orijinal mətninə - Avropa və ya Rusiya tərəfindən - istənilən düzəlişlərə veto qoyacaq.

BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi Cenevrədə BMT-nin İnsan Haqları Şurasında çıxışı zamanı deyib ki, ölkələr “bu münaqişəyə son qoymaq, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Baş Assambleyanın qətnamələrinə uyğun olaraq ədalətli və davamlı sülhə nail olmaq üçün səylərini əsirgəməməlidirlər.”

Prezident Donald Tramp Ağ Evdə Fransa Prezident Emmanuel Makronla görüşüb. Vaşinqton. 24 fevral, 2025.

Makron Vaşinqtondadır

Birləşmiş Millətlər Təşkilatındakı diplomatik dram Fransa prezidenti Emmanuel Makron prezident Donald Trampla Ukrayna müharibəsi ilə bağlı müzakirələrin də yer aldığı görüş və nahar üçün Ağ Evi ziyarət etdiği bir vaxta təsadüf edib.

Makron keçən həftə Trampa ABŞ liderinin Putin qarşısında “zəif ola bilməyəcəyini” söyləməyi planlaşdırdığını deyib.

Böyük Britaniyanın baş naziri Keir Starmerin oxşar danışıqlar üçün bu həftənin sonunda Vaşinqtona səfər edəcəyi gözlənilir və Makron kimi, o da Ukraynanın suverenliyinin istənilən sülh səylərinin mərkəzində olmasının vacibliyini vurğulayıb.

Avropa Komissiyasının sədri Ursula von der Leyen, Avropa Şurasının sədri Antonio Kosta, Kanadanın baş naziri Castin Trudo, Danimarkanın baş naziri Mette Frederiksen və İspaniyanın baş naziri Pedro Sançesin də daxil olduğu bir qrup lider Ukraynaya dəstək nümayişi üçün bazar ertəsi Kyivə səfər edib.

"Biz bu gün Kyivdəyik, çünki Ukrayna Avropadır," deyə von der Leyen X-də bildirib. "Yaşam üçün bu mübarizədə təkcə Ukraynanın taleyi təhlükə altında deyil. Bu, Avropanın taleyidir.”

Əksəriyyəti Avropadan olan dünya liderləri Rusiyanın hərbi müdaxiləsinin 3-cü ildönümü ilə əlaqədar “Ukraynaya dəstək” sammitindən sonra mətbuat konfransında iştirak edirlər.Kyiv, Ukrayna 24 fevral, 2025.

Avropa İttifaqının Moskvaya qarşı yeni sanksiyaları

Avropa İttifaqının xarici işlər nazirləri bazar ertəsi Rusiyaya qarşı sanksiyaların yeni raundunu təsdiqləyiblər. Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, yeni sanksiyalar müəyyən malların daşınmasına qoyulan məhdudiyyətlərdən yayınmağa çalışan gəmilərə, sanksiyalardan yayınan banklara və dronları idarə etmək üçün istifadə olunan avadanlıqlara qarşı tədbirləri əhatə edir.

Kremlin sözçüsü Dmitri Peskov yeni sanksiyaları “tamamilə gözlənilən” adlandırıb və deyib ki, belə görünür Avropa dövlətləri müharibənin davam etməsini istəyirlər.

Döyüşlər bazar ertəsi də davam edib və Rusiya bildirib ki, bir gecədə 16-sı Oryol vilayətində olmaqla Ukraynaya aid 23 dronu vurub.

Ryazanın qubernatoru Pavel Malkov deyib ki, vurulan Ukrayna dronunun qalıqları sənaye müəssisəsində yanğına səbəb olub.

Ukrayna ordusu bazar ertəsi Rusiyanın gecə hücumlarında istifadə etdiyi 185 drondan 113-nü vurduğunu bildirib