Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi çərşənbə günü Kyivə səfər edib. Bu səfər Səudiyyə Ərəbistanında yüksək səviyyəli ABŞ-Rusiya danışıqlarının baş tutmasından bir gün sonra baş tutub. Diplomatik addımlar ABŞ prezidenti ilə Ukrayna lideri arasında müharibənin necə başlaması və onu bitirmək planları ilə bağlı artan qarşıdurma fonunda atılır. Amerkanın Səsinin jurnalisti Arəş Ərəbasadi mövzuya dair ətraflı məlumat təqdim edir.
Britaniyada ukraynalı əsgərlər Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün təlim keçirlər. Böyük Britaniyanın Müdafiə Nazirliyi bu həftə “Operation Interflex” adlı təlimlərin görüntülərini yayımlayıb.
Çərşənbə günü ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Ukrayna paytaxtına gələrək rəsmi görüşlər keçirib.
Kit Kelloq, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi: “Biz dinləməyə gəlmişik. Təhlükəsizlik zəmanətlərinə olan ehtiyacı anlayırıq. Bu ölkənin suverenliyinin və müstəqilliyinin nə qədər vacib olduğunu başa düşürük. Missiyamın bir hissəsi burada oturub dinləməkdir.”
Kelloqun səfəri ABŞ-ın dövlət katibi Marko Rubionun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda rusiyalı həmkarı ilə görüşündən dərhal sonra baş tutub.
Görüşün mövzusu müharibənin bitirilməsi olsa da, danışıqlarda Ukrayna rəsmilərinin iştirakı olmayıb.
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücumu təxminən üç il əvvəl başladıb.
Lakin bu həftə ABŞ Prezidenti Donald Tramp Ukraynanın Ər-Riyadda təmsil olunmaması ilə bağlı tənqidə məhəl qoymayaraq, Kyivi müharibəni başlamaqda ittiham edib.
Donald Tramp, ABŞ Prezidenti: “Bu gün eşitdim ki, “Bizi ora dəvət etmədilər.” Siz artıq üç ildir ki, oradasınız. Bunu bitirməli idiniz. Heç başlamamalı idiniz. Bir razılaşma əldə edə bilərdiniz.”
Ukrayna Prezidenti Volodimir Zelenski Kyivdə Trampın bu açıqlamalarına cavab verib.
Volodimir Zelenski, Ukrayna Prezidenti: “Biz bu dezinformasiyanı görmüşük. Başa düşürük ki, bu, Rusiyadan gəlir… Təəssüf ki, Prezident Tramp, ona Amerika xalqının lideri kimi böyük hörmət bəslədiyimiz halda, dezinformasiya məkanında yaşayır.”
Tramp çərşənbə günü öz sosial media platformasında Zelenskini “diktator” adlandırıb və onun Ukraynada çox aşağı reytinqə malik olduğunu iddia edib. Halbuki Ukrayna daxilində aparılan rəy sorğuları göstərir ki, Zelenskinin populyarlığı 50 faizdən yuxarıdır.
Zelenski Trampın komandasının Ukrayna haqqında “daha çox həqiqət” eşitməsini istədiyini bildirib.
Bu arada, Ukrayna qoşunları irəliləyən Rusiya qüvvələrinə qarşı mübarizə aparmaqda davam edir.
NATO rəsmisi son günlərdə proqnozlaşdırmışdı ki, Moskva müharibəni bitirmək üçün aparılan danışıqlar fonunda hücumlarının sürətini və intensivliyini artıracaq