ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı axşam saatlarında bildirib ki, o, ərəb liderləri tərəfindən İsraillə HƏMAS arasında müharibə bitəndən sonra Qəzzaya nəzarət planına alternativ kimi müzakirə edilən təklifi görməyib.
“Mən onu görməmişəm,” Tramp "Air Force One" təyyarəsində jurnalistin sualına cavab verərkən deyib. “Görəndə sizə bildirərəm,” o əlavə edib.
Tramp bu ayın əvvəlində demişdi ki, təxminən 2 milyon fələstinlini məcburi şəkildə Qəzzadan qonşu İordaniya və Misirə köçürmək istəyir. O, ABŞ-ın həmin ərazini “Yaxın Şərqin Rivierası”na çevirəcəyini bildirib ki, bu da ərəb ölkələrinin etirazına səbəb olub.
Trampın bu təklifi ciddi irəli sürdüyü, yoxsa ərəb dövlətlərindən güzəştlər əldə etmək üçün təzyiq vasitəsi kimi istifadə etdiyi aydın deyil. Bu həftə Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü zamanı ABŞ-ın dövlət katibi Marko Rubio ikincisinin ola biləcəyinə işarə edərək, ərəb liderlərini əks-təklif irəli sürməyə çağırıb.
Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri cümə günü Ər-Riyadda görüşərək, Qəzzanın bərpası üçün ərəb və körfəz ölkələrindən üç il ərzində 20 milyard dollara qədər vəsait toplamaq planını müzakirə edəcəklər. Bu plana görə, qəzzalılar məcburi köçürülməyəcək və bölgə fələstinlilər tərəfindən idarə olunacaq.
Səudiyyə Ərəbistanı ilə əlaqə
Tramp Mayamidə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin rəhbərlik etdiyi suveren sərvət fondu İctimai İnvestisiya Fondunun qeyri-kommersiya qanadı olan Gələcək İnvestisiya Təşəbbüsü İnstitutunun təşkil etdiyi konfransda çıxış edəndən sonra Vaşinqtona qayıdarkən bunları deyib.
Bu, ilk dəfədir ki, ABŞ prezidenti qlobal maliyyəçilər və texnologiya rəhbərlərinin illik toplanışında çıxışı edirdi. Con Hopkins Universitetinin beynəlxalq tədqiqatlar üzrə baş elmi işçisi Laura Blumenfeldin sözlərinə görə, bu, vəliəhd şahzadənin Trampla yaxın əlaqələrindən necə faydalandığını göstərir.
Şahzadə Trampın birinci prezidentliyi dövründə onunla sıx əlaqələr qurub və Tramp vəzifədən gedəndən sonra da Tramp təşkilatı ilə biznes əlaqələrini davam etdirib, o cümlədən Trampın kürəkəni Cared Kuşnerin şirkətinə 2 milyard dollar sərmayə yatırıb.
“Tramp qızıl qaydaya inanır, ancaq bazar ertəsi məktəbində öyrədilənə yox,” - Blumenfeld deyib. “Bu da odur ki, əgər varlısansa, haqlısan.”
Ər-Riyad Qəzzada müharibədən sonrakı vəziyyətə dair ərəb ölkələrini birləşdirməyə çalışarkən, Trampın tələblərini yumşaldacağına dair əlamətlər ola bilər. Tramp qeydlərində yanvarın 19-da, o zamankı Prezident Co Baydenin vəzifədəki sön günündə imzalanan atəşkəsin əldə olunmasında öz rolundan başqa Qəzza ilə bağlı heç nə deməyib.
“Biz Qəzzada atəşkəsi təmin etdik, girovları azad edirik və onları ailələrinə qaytarırıq,” Tramp bildirib və əlavə edib ki, bəzi girovlar “çox pis vəziyyətdədir”.
Tramp çərşənbə günü Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsinə Ukraynada müharibəyə son qoymağın yollarını müzakirə etmək üçün ABŞ və Rusiya rəsmiləri arasında danışıqlara ev sahibliyi etdiyinə görə təşəkkür edib. Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa müttəfiqləri həmin görüşü Kyivi kənarlaşdırmaq cəhdi kimi qınayıblar.
Misirin Qəzza ilə bağlı təklifi
Misirin dövlət Al-Ahram qəzeti bildirib ki, təkilfə əsasan, Qəzzada mobil evlər və sığınacaqlarla təchiz olunmuş “təhlükəsiz zonalar” yaradılacaq, bu arada isə Misir və beynəlxalq tikinti şirkətləri dağılan infrastrukturu bərpa edəcək.
Planda həmçinin müharibədən sonrakı Qəzzanı idarə etmək üçün HƏMAS-la əlaqəsi olmayan fələstinli texnokratlar və icma liderlərindən ibarət milli komitənin formalaşdırılmasına çağırılır.
Hazırda İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən və 2006-cı il seçkilərində HƏMAS-a uduzana qədər Qəzzanı idarə edən beynəlxalq səviyyədə tanınmış qurum olan Fələstin Milli İdarəsinin bu planı dəstəkləyib-dəstəkləmədiyi aydın deyil.
“İndi Qəzza ilə bağlı elə siyasi həll yoluna ehtiyac duyulur ki, yenidənqurma həm fiziki cəhətdən mümkün, həm də uzunmüddətli davamlı olsun,” Fələstin Siyasət Şəbəkəsi "Al-Shabaka"da ABŞ siyasəti üzrə Mütəxəssis Tariq Kenni-Şava deyib.
Məqsəd odur ki, “biz Qəzzanın işğal altında qaldığı bir vəziyyətə qayıtmayaq”, o, Amerikanın Səsinə bildirib.
HƏMAS bazar ertəsi Qəzzanın müharibədən sonrak idarəsində iştirak etməkdən imtina edə biləcəyinə işarə edib.
“Atəşkəsin növbəti mərhələsində xalqımızın mənafeyinə xidmət edərsə, HƏMAS-ın siyasi və inzibati işlərdə olması vacib deyil,”HƏMAS sözçüsü Hazim Qasım bildirib.