ABŞ və Ukrayna rəsmiləri Rusiyanın 2022-ci il müdaxiləsi nəticəsində yaranan təxminən üç illik müharibəyə son qoymaq üçün addımları müzakirə etməzdən bir neçə gün əvvəl Rusiya və Ukrayna bir-birinin enerji infrastrukturuna gecə ərzində hücum edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, Rusiya 19 qanadlı, ballistik və idarə olunan raketdən ibarət birgə hücumdan istifadə edərək, Ukraynanın Poltava vilayətində təbii qaz hasilatı obyektlərinə zərbələr endirib.
Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, hücum nəticəsində Ukrayna çərşənbə axşamı fövqəladə elektrik enerjisinə məhdudiyyətlər tətbiq edib.
Qaluşenko sosial şəbəkədə yazıb: “Düşmən qaz infrastrukturuna hücuma keçib. Səhərdən etibarən enerji sektoru hücuma məruz qalmaqda davam edir”.
Reuters xəbər verir ki, əvvəllər raket və dron hücumlarını Ukraynanın elektrik sektoruna yönəldən Rusiya son vaxtlar qaz anbarlarına və istehsalat obyektlərinə hücumları artırıb.
Ukrayna ordusu çərşənbə axşamı Rusiyanın Saratov vilayətindəki neft emalı zavodunu gecə saatlarında vuraraq yanğına səbəb olduğunu bildirib.
Ordu bəyan edib ki, zavod 20-dən çox növ neft məhsulu istehsal və Rusiya qüvvələrinin təchizatında iştirak edir.
Saratov vilayətinin qubernatoru Roman Busargin Telegram mesajlaşma proqramında bölgədəki sənaye obyektində baş verən yanğının söndürüldüyünü yazıb. O, obyektin adını açıqlamayıb.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə bölmələrinin Rusiya ərazisi üzərində Ukraynaya məxsus 40 pilotsuz təyyarənin məhv edildiyini bildirib.
Nazirliyin Telegram mesajlaşma proqramındakı paylaşımında deyilir ki, pilotsuz təyyarələrdən 18-i Saratov vilayətində, qalanları Rusiyanın cənub və qərbindəki dörd başqa bölgədə məhv edilib.
Rusiya hərbçiləri həmçinin bildiriblər ki, onun qüvvələri Ukraynanın şərqindəki Yasenove qəsəbəsinə nəzarəti ələ keçirib.