Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyanın dron hücumları Kyivdə yanğına səbəb olub, Sumıda bir qadın yaralanıb, bir neçə evə ziyan dəyib.
Bu arada isə Rusiya ordusu bir gecədə 7-si Krasnodar bölgəsində olmaqla Ukraynanın 15 dronunu vurduğunu bildirib.
Kyivdə qeyri-yaşayış binasında baş verən yanğın nəticəsində heç kim xəsarət almayıb. Bu barədə mer Vitali Kliçko Telegram mesajlaşma proqramında yazıb.
Qubernator İqor Kalçenko Telegram-da bildirib ki, ölkənin şimal-şərqindəki Sumı şəhərində beş evə ziyan dəyib, bir qadın yaralanıb.
Döyüşlərin davam etdiyi bir vaxtda, Prezident Donald Tramp administrasiyasından bir qrup ABŞ rəsmisi bu həftə Ukraynadakı müharibəni də əhatə edəcək müzakirələr üçün Avropaya getməyə hazırlaşır.
Vitse-prezident JD Vansın dövlət katibi Marko Rubio ilə Münhen Təhlükəsizlik Konfransına qatılmazdan əvvəl Fransada süni intellekt sammitində iştirak edəcəyi gözlənilir.
“Beynəlxalq təhlükəsizlik siyasətinin müzakirəsi üçün dünyanın aparıcı forumu” kimi təsvir edilən Münhen konfransında Ukraynada sülhün bərqərar olması perspektivləri, eləcə də digər qlobal münaqişələrin müzakirəsi gözlənilir.
Müdafiə naziri Pit Heqset iki hərbi komandanlığın qərargahına baş çəkəcək, daha sonra NATO-nun müdafiə nazirləri ilə görüşəcək. Pentaqonun məlumatına görə, o, həmçinin Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında iştirak edəcək və orada "Prezident Trampın Ukraynadakı müharibəni mümkün qədər tez diplomatik yolla bitirmək öhdəliyini təkrarlayacaq".