Azərbaycan və İranın yüksək səviyyəli hərbi rəsmiləri fevralın 10-da Azərbaycan və İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, Pakistanın Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini - qərargah rəisi Teymur Mürşüdov İran Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.
"Görüşdə hər iki ölkənin regional maraqlarını özündə birləşdirən Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilib. Tərəflər görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar", məlumatda qeyd edilir.
Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfər edib. Görüşdə ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan və İran arasında münasibətlər
Yanvarın son həftəsində Azərbaycanda və İranda hər iki ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri Xarici İşlər Nazirliklərinə çağırılıb.
Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İranın Xarici İşlər Nazirliyində nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili ilə görüşüb.
İRNA Agentliyi bildirib ki, Dəmirçili iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək səylərinə toxunaraq, Azərbaycanda bəzi dairələrin və ya şəxsiyyətlərin mənfi hərəkətlərini (o cümlədən, Azərbaycanda təhsil alan bir sıra iranlı tələbələrə qarşı son zamanlar qeyri-etik hərəkəti) iki xalq arasında münasibətlərə xələl gətirən addımlar kimi qiymətləndirib, ölkəsinin bu davranışlara etirazını bildirib, bu cür neqativ halların təşəbbüskarları və səbəbkarlarına qarşı tədbir görülməsini tələb edib.
İRNA bildirib ki, xarici işlər nazirinin köməkçisi həmçinin iki ölkə xalqı arasında din xadimlərinin və din alimlərinin hörmətini və yüksək məqamını vurğulayaraq, hər hansı hörmətsizlik və təfriqə yaradan hərəkətlərə qarşı sayıqlıq və qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.
Yanvarın 25-də isə İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azərbaycan XİN-nin məlumatına görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı “açıq-aşkar şəkildə aparılan kampaniyaya” etiraz bildirilib. Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.
Bundan əvvəl, yanvarın 22-də Tehranda “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclası keçirilib.
Komissiyanın iclası zamanı Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran prezidenti Məsud Pezeşkian da daxil olmaqla yüksək səviyyələrdə qəbul edilib. Tərəflər strateji tərəfdaşlıq məsələlərinə toxunub, müştərək layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan Rəşt-Astara dəmir yolunun, keçid məntəqələrindən yükdaşımaların həcminin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin Azərbaycan, Rusiya və İran nəqliyyat nazirlərinin yanvarın 28-də Moskvada görüşlərinin keçirilməsi razılaşdırılıb.
Azərbaycan Prezidenti ötən ilin dekabr ayında İranın ali dini liderinin Azərbaycanla sərhəd Ərdəbil şəhərindəki nümayəndəsinin Azərbaycanın, Türkiyənin, həmçinin Azərbaycan Prezidentinin əleyhinə səsləndirdiyi fikirləri qəbuledilməz hesab etdiyini bildirib.
“Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir", Əliyev bildirib.
Azərbaycan Prezidentinin bu bəyanatından sonra İranın dövlət və dövlətə yaxın olan mediasında Azərbaycan Prezidentinin tənqidinə yönəlmiş məqalələr dərc edilib.