Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri ilə bağlı sualın cavabında bildirib.
“Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir. Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub”, Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.
Ayxan Hacızadə deyib ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil.
“Bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib. Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir”, o qeyd edib.
Mətbuat katibi ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı Azərbaycan qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacağını bəyan edib.
Bir müddət əvvəl Dövlət Dumasının deputatı, Turizm Komitəsi sədrinin birinci müavini Nikolay Valuyev Azərbaycanın Bakıdakı “Rus evi”ni bağlamaq qərarını şərh edərkən Azərbaycan və Azərbaycan xalqı haqqında təhqiramiz ifadələr işlədib.
O, Rusiyada Azərbaycan diasporuna qarşı tədbirlər görülməsinə çağırıb.
Fevralın 7-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Öz növbəsində “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Rossiya-24” telekanalına bildirib ki, Azərbaycan “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.
Bu bəyanatlardan bir neçə gün öncə Azərbaycanın “Baku TV” internet televiziyası “Rus Evi”ni “Azərbaycanda dini və separatçı toxumları səpməyə çalışan şəxslərin, daha doğrusu agentlərin yuvası” kimi təqdim edib. Bundan sonra “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bu televiziyanı məhkəməyə verməklə hədələyib.
“Rossotrudniçestvo”nun Azərbaycanda nümayəndəliyi ("Rus Evi") 3 iyul 1997-ci ildə Azərbaycan ilə Rusiya arasında imzalanmış sazişə uyğun olaraq yaradılıb.
Rəsmi məlumata görə, mərkəz Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərliyi altında fəaliyyət göstərir.
Yerli müşahidəçilərin fikrincə, iki ölkə arasında yarnmış diplomatik gərginliyin səbəbi Azərbaycan təyyarəsinin Rusiya səmasında xarici təsirə məruz qalmasından sonra qəzaya uğramasıdır.
Belə ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi məcburi eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Azərbaycan mediası, həmçinin Euronews və Reuters Rusiya hava hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə səbəb olması barədə materiallar dərc edib.
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi kənar təsirə məruz qalaraq zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron idarəetmə vasitəsi ilə idarəolunmaz hala salınıb.
Bununla bağlı Azərbaycan Prezidenti Rusiyaya qarşı üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya verilməsi tələblərini irəli sürüb. Rusiya Prezidenti üzr istəsə də digər iki tələbin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı hələ rəsmi açıqlama yoxdur.
Yanvarın 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qara qutularının oxunması mətbuatda verilən bəzi ilkin qənaətləri təsdiqləmir.