İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun aclıq aksiyasına başladığı bildirilir. Bu barədə İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.
Konfederasiyanın yaydığı məlumatda deyilir ki, fəal ölkədə gedən proseslərə və silsilə həbslərə qarşı etirazını bildirərək fevralın 9-dan aclıq aksiyasına başlayıb.
Bəyanatda qeyd olunur ki, Məmmədovun səhhətində bir sıra problemlər mövcuddur, buna baxmayaraq, fəal aksiyanın müddətsiz olduğunu bildirib.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.
İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü ilin sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.
Bu ilin yanvarında Afiəddin Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Fəal ittihamları qəbul etmir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.