Azərbaycan Prezidenti ABŞ-a başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda baş verən təyyarə qəzası ilə bağlı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

“Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, Azərbaycan Prezidenti bildirib.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi də təyyarə qəzası ilə bağlı Amerika Birləşmiş Ştatlarına başsağlığı verib.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı məlumata görə, paytaxt Vaşinqton şəhərinin Ronald Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi Sikorski-60 helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Toqquşma təyyarə aeroporta eniş edərkən baş verib.

American Airlines-a (Amerika Hava Yolları) məxsus 5342 saylı reyslə uçan təyyarə Bombardier CRJ700 markalı təyyarə olub. Qəza baş verərkən o, Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona uçurdu.

Milli Nəqliyyat Təhlükəsizlik İdarəsi FAA ilə birlikdə təhqiqata başlayıb.

"American Airlines"in məlumatına görə, təyyarədə 60 sərnişin və 4 heyət üzvü olub.

"Sikorsky H-60 (Blackhawk)" helikopterində isə 3 hərbçinin olduğu bildirilir.