Avropa Şurası Nazirlər Komitəsinin sədri AŞPA ilə Azərbaycan arasında dialoqa çağırıb

Ksavye Bettel, Avropa Şurasının Nazirlər Komitəsinin sədri

Ksavye Bettel, Avropa Şurasının Nazirlər Komitəsinin sədri

Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri Ksavye Bettel Azərbaycanla Avropa Şurasının Fəaliyyət Planı çərçivəsində əməkdaşlığın bərpası barədə məmnunluq ifadə edib.

Lüksemburqun xarici işlər naziri bunu yanvarın 27-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzləri ilə mübadiləsi zamanı bildirib.

“Azərbaycana gəldikdə, Nazirlər Komitəsi Azərbaycan fəaliyyət planı çərçivəsində əməkdaşlığın bərpası barədə məlumat almaqdan məmnundur. Assambleyanın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsi ilə bağlı qərarından sonra icrası dayandırılmışdı”, Bettel deyib.

Nazirlər Komitəsinin sədri həmçinin AŞPA üzvləri ilə azərbaycanlı parlamentarlar arasında dialoqun bərpasına ümidini ifadə edib.

“Biz dialoq platforması olaraq qalmalıyıq və ümid edirik ki, Assambleya və Azərbaycanın parlament nümayəndə heyəti tezliklə əlaqələri yeniləmək üçün ümumi dil tapacaqlar”, Ksavye Bettel əlavə edib.

Digər tərəfdən, ispaniyalı deputat, Avropa Xalq Partiyası siyasi qrupunun lideri Pablo Hispan AŞPA-nın Daimi Komitəsinin noyabrın 29-da Lüksemburqda baş tutan son iclasında Azərbaycanda artan repressiyalar, xüsusən də jurnalistlərə və fəallara qarşı həbslərin müzakirə olunduğunu vurğulayıb.

“Narahatlıq doğuran vəziyyət davam edir. Biz Azərbaycanı insan hüquqlarının pozuntularına görə məsuliyyətə cəlb etməyə davam etməliyik”, Hispan deyib.

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmiş və Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev bu addımın “anti-Azərbaycan xarakteri” daşıdığını bildirərək Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacağını vurğulamışdı.

Bundan sonra Azərbaycanın Avropa Şurasının digər orqanları ilə təmasları dayandırdığı, habelə Avropa Şurasının Bakıdakı ofisində işlərin dayandırılmasına dair məlumatlar yayılmışdı.

Bundan əlavə, Avropa Şurasının İşgəncə Əleyhinə Komitəsi (CPT) bəyanat yayara Azərbaycanın qurumla bütün təmasları kəsdiyini və görüşləri təxirə saldığını bildirmişdi.

Azərbaycanın Fəaliyyət Planı çərçivəsində əməkdaşlığın bərpa olunmasını isə ötən il noyabrın 14-də Bakıda COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşən AŞ Şurasının Baş katibi Alen Berse bildirib.

Alen Berse AŞPA-nın Daimi Komitəsinin Lüksemburqda baş tutan iclasında İlham Əliyevlə bütün məsələlər ətrafında mübadilə apardıqlarını, bəzi məsələlərdə qarşılıqlı əməkdaşlığın bərpasına nail olunduğunu bildirib.

“Azərbaycan Avropa Şurasının üzvü olduğuna görə ən azı gözləmək lazımdır ki, biz hökumətlərarası məsələlərdə əməkdaşlığı və birgə işi bərpa edə bilək və bu məqsədə nail olunub. Bu kiçik bir nəticədir, amma nəticədir”, Berse vurğulayıb.

AŞPA-nın yanvarın 27-də start götürən qış sessiyasında Azərbaycanın nümayəndə heyəti iştirak etmir.