İnsan haqları vəkili Məhəmmədrza Fəqihinin daha əvvəl “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə təqsirli bilinərək, məhkum olduğu 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya göndəriliyi bildirilib.
İranlı hüquqşünasların idarə etdiyi Dadban və online təlim institutu kimi fəaliyyət göstərən Tavaana qrupu kimi mənbələrə istinadən, hüquqşünas yanvarın 21-də məhkəmənin icra şöbəsinə müraciət etdikdən sonra Tehranın Evin həbsxanasına köçürülüb.
İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi illər boyunca İranın müxtəlif məhkəmələrində bir çox siyasi məhbusu, o cümlədən İran Azərbaycanı, eləcə də Tehran və Əlburz vilayətlərində mühakimə olunan türk dil haqları fəallarını müdafiə edib.
SEE ALSO: Sina Yusufi: İran məhkəmələrində siyasi fəalları müdafiə edən vəkillər hər zaman hökümətin basqısı ilə üzləşiblərİranın müxtəlif şəhərlərində siyasi-mədəni fəallar və sabiq siyasi məhbuslar Məhəmmədrza Fəqihinin həbsinə etiraz bildiriblər.
Zəncan şəhərinin sakini türk fəal və sabiq siyasi məhbus Səid Mətinpur öz X hesabında yazıb ki, “Məhəmmədrza Fəqihi uzun bir zamandır yoldaşlarımızın vəkalətini qəbul edib və məhkəmələrdə yanımızda olub. O, işindən və işinə əxlaqi bağlılığından dolayı cəzalandırılır.”
Jurnalist və yazar Eyvaz Taha isə yazıb, “dözüləsi deyil. Bir vəkil üçün beş il həbs. Məhəmmədrza Fəqihi çoxlarını savunub, haqqını dirildib. Azadlığı belə bir şərif insandan əsirgəmək düzgün deyil.”