Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmasına göstəriş verib

Tramp COVID-19 pandemiyasını düzgün idarə etmədiyi və ABŞ-dan çoxlu maliyyə alması ilə bağlı şikayətlərə görə ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından çıxmasına göstəriş verib.

ÜST çərşənbə axşamı verdiyi açıqlamada Trampın qərarından "təəssüfləndiyini" və "dünyada milyonlarla insanın sağlamlığı və rifahı naminə" Birləşmiş Ştatlarla tərəfdaşlığı davam etdirmək üçün konstruktiv danışıqları səbirsizliklə gözlədiyini bildirib.

"Yeddi onillikdən artıqdır ki, ÜST və ABŞ saysız-hesabsız insanların həyatını xilas edib və amerikalıları və bütün insanları sağlamlıq təhlükələrindən qoruyub. Birlikdə çiçək xəstəliyinə son qoyduq və birlikdə poliomielit xəstəliyini yox etmək ərəfəsinə çatdırdıq. Amerika qurumları ÜST-yə üzvlükdən öz töhfəsini verib və bundan faydalanıb”, ÜST bildirib.

ABŞ-ın xarici yardımının “Amerikanın maraqlarına uyğun olmadığını” deyən Tramp xarici inkişaf yardımlarının 90 gün müddətinə dayandırılması və proqramların nəzərdən keçirilməsi barədə sərəncam verib.

Bir çox proqramların maliyyələşdirilməsi artıq Konqres tərəfindən mənimsənilib, ona görə də sərəncamın ilkin olaraq nə qədər yardıma təsir edəcəyi bəlli deyil.

Prezident Donald Tramp bazar ertəsi andiçmədən az sonra bir sıra fərmanlar imzalayıb. Bunların sırasına ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi, sərhəddə divar inşasının bərpası və federal agentliklərdə müxtəliflik proqramlarına xitam verilməsi daxildir.

Trampın mühacirətlə bağlı imzaladığı fərmanlar arasında doğum vətəndaşlığına son qoyan göstəriş də var.

ABŞ Konstitutsiyasının 14-cü maddəsi diktə edir ki, “Birləşmiş Ştatlarda doğulan və yaxud qəbul olunan və yurisdiksiyasına daxil olan bütün insanlar Birləşmiş Ştatlar vətəndaşıdır.”

Demokratlar və bir sıra hüquq müdafiə qrupları Trampın doğum vətəndaşlığını ləğv etməsinə qarşı məhkəmələrdə mübarizə aparacalarını bildirib.

Tramp keçmiş prezident Co Baydenin Kubanı terrora dəstək verən dövlətlər siyahısından çıxaran sərəncamı da ləğv edib.

Kuba prezidenti Miguel Diaz-Canel Trampın bazar ertəsi bu addımını “təkəbbür və həqiqətə etinasızlıq” adlandırıb.

Ticarətlə bağlı Tramp bir sıra ticarət müqavilələrinə, o cümlədən Çin və ABŞ-Meksika-Kanada Sazişinə yenidən baxılmasını tələb edib.