Dünya liderləri bazar ertəsi prezident Donald Trampı Birləşmiş Ştatların 47-ci prezidenti kimi vəzifəyə başlaması münasibətilə təbrik ediblər.
Ukrayna prezidenti Volodimir Zelenski Trampı təbrik edənlər arasında olub.
“Prezident Tramp hər zaman qətiyyətlidir və onun güc vasitəsilə bəyan etdiyi sülh siyasəti Amerika rəhbərliyini gücləndirmək və uzunmüddətli və ədalətli sülhə nail olmaq imkanı verir ki, bu da əsas prioritetdir”, Zelenski bildirib.
Fevralın sonunda Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü yaxınlaşır.
Tramp bundan əvvəl Rusiya-Ukrayna müharibəsini prezident olduqdan dərhal sonra və ya hətta inaqurasiya mərasimindən əvvəl bitirəcəyini vəd etmişdi. Lakin Trampın müşavirləri bu yaxınlarda münaqişənin həllinin aylar və ya daha çox vaxt apara biləcəyini bildiriblər.
Tramp ABŞ-ın Kyievə davamlı hərbi dəstəyi ilə bağlı şübhə ifadə edib.
İsrailin baş naziri Benyamin Netanyahu da prezident Trampı təbrik edib.
“Mən inanıram ki, yenidən birlikdə işləmək ABŞ-İsrail ittifaqını daha da yüksəklərə qaldıracaq”, Netanyahu bildirib.
İsrail və HƏMAS arasında atəşkəs Trampın prezidentliyə başlamasından cəmi bir gün əvvəl bazar günü qüvvəyə minib.
“Girovların qalan hissəsinin geri qaytarılması, HƏMAS-ın hərbi imkanlarının məhv edilməsi və Qəzza zolağında siyasi hakimiyyətinə son qoyulması və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin etmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm”, Netanyahu əlavə edib.
Təbriklər həmçinin NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Leyen, eləcə də ABŞ-ın Almaniya, İtaliya və Böyük Britaniya kimi müttəfiqlərindən gəlib.
“ABŞ bizim ən yaxın müttəfiqimizdir və bizim siyasətimizin məqsədi həmişə yaxşı transatlantik əlaqələrdir”, Almaniya kansleri Olaf Şolz bildirib.
Böyük Britaniyanın baş naziri Keir Starmer Birləşmiş Ştatlar və Böyük Britaniya arasında uzunmüddətli əlaqələrə işarə edib.
“Əsrlərdir ki, ölkələrimiz arasında əlaqələr əməkdaşlıq, qarşılıqlı əlaqə və davamlı tərəfdaşlıq münasibətlərindən ibarət olub”, Starmer bildirib.
“Prezident Trampın Böyük Britaniyaya olan çoxdankı sevgisini və tarixi əlaqələrini nəzərə alsaq, mən bilirəm ki, bu dərin dostluq davam edəcək”, o qeyd edib.
Vaşinqtonda Kapitoli binasının rotondasında keçirilən inaqurasiya mərasimində iştirak edən İtaliyanın baş naziri Ciorcia Meloni “xalqlarımız arasındakı dostluğun və bizi birləşdirən dəyərlərin İtaliya ilə ABŞ arasında əməkdaşlığı gücləndirməyə davam edəcəyinə əmin olduğunu” bildirib.
Lakin təbrik xarakteri daşımayan mesajlar da olub.
Panama prezidenti Xose Raul Mulino Trampın inaqurasiya nitqində ABŞ-ın Panama kanalı üzərində nəzarətini bərpa etmək istəyini təsdiqlədiyi hissəsini rədd edib.
Birləşmiş Ştatlar 1999-cu ildə strateji əhəmiyyətli kanala tam nəzarəti Panamaya verib.
“Panama Respublikası və onun xalqı adından prezident Donald Trampın inauqurasiya nitqində Panama və onun kanalı ilə bağlı dediyi sözləri tamamilə rədd etməliyəm”, Mulino bildirib.