Ceyhun Bayramov USAID-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası olmadığını deyir

Ceyhun Bayramov

Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında Azərbaycan Dövlət Televiziyanın sualının cavabında bildirib.

Nazir qeyd edib ki, USAİD-in bundan sonra Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur.

Bayramov dediyinə görə, Azərbaycan 2023-cü ildə antiterror əməliyyatından sonra öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən cəzalandırılıb.

“Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib. Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdiyilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib", nazir qeyd edib.

İki il əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan rəsmisinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun rəhbəri barədə tənqidi mesajı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.

“1992-ci ildə ölkələrimiz diplomatik əlaqələr qurandan bəri Birləşmiş Ştatlar və Azərbaycan qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərdə şəffaf şəkildə birgə işləyirlər. Bu, insanlar arasında əlaqələri gücləndirmək üçün birlikdə gördüyümüz işi əhatə edir”, səfirliyin cavabında deyilir.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev X platformasında paylaşdığı rəydə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri tənqid edib. O, Paueri və onun təmsil etdiyi dövləti Ermənistanın tərəfini saxlamaqda günahlandırıb.

Pauer X platformasında paylaşdığı videoda Azərbaycanın iki ay öncə başlatdığı hərbi əməliyyat nəticəsində 100 000 erməninin Qarabağı tərk etdiklərini və ABŞ-ın onlarla həmrəy olduğunu bəyan edib.

ABŞ-ın köçkünlərə əlavə $4 milyon məbləğində humanitar yardım ayırdığını elan edən Samanta Pauer həmin köçkünləri qəbul etdiyi və onlara yardım göstərdiyi üçün Ermənistan hökumətinə minnətdarlığını bildirib.

Pauerə ünvanladığı mesajda Hikmət Hacıyev Birləşmiş Ştatların 30 il müddətində Azərbaycanın torpaqlarını işğalda saxlamış və bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoymuş dövlətlə çiyin-çiyinə durduğunu qeyd edib.

Hacıyev USAID rəhbərini vaxtikən oliqarx və pulyuma əməliyyatlarında adı hallanan Ruben Vardanyanla əməkdaşlıqda ittiham edib. Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın dövlət naziri vəzifəsində çalışmış Vardanyan sentyabr ayında Azərbaycan hakimiyyət orqanları tərəfindən həbs olunub.

“Maskalar yırtılıb! USAID-nın Azərbaycanda fəaliyyətinə daha yer yoxdur”, Hacıyev bəyan edib.

Dekabrın 18-də 2024-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və RİA Novosti agentliyinə müsahibəsində Qərbin Azərbaycana və Cənubi Qafqaz regionuna qarşı siyasətinin, həmçinin Qərb mediasının, o cümlədən Amerikanın Səsinin və Azadlıq Radiosunun tənqidinə böyük yer verib.

Onun sözlərinə görə, Bayden administrasiyası tarixə israrçı düşüb - lazım olmayan yerdə kömək etmək istəyir.

"Onların USAID kimi kömək etmək istəyən bir qurumu var. Amma nədənsə, lazım olmayan yerdə kömək etmək istəyirlər", Əliyev bildirib.

Prezident deyib ki, Rusiya doğru olaraq öz ərazisində USAID-in fəaliyyətini qadağan edib.

"Biz hər şeyi başa düşürük, buna görə də hər şeyi nizamlamışıq. Məsələn, Azərbaycan mediası xarici mənbələrdən 1% belə maliyyələşə bilməz. Niyə maliyyələşsin? Biz ABŞ mediasını maliyyələşdirmirik, onlar niyə bizim mediamızı maliyyələşdirsin?", Əliyev sual edib.