"Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 960 mindən çoxdur".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 14-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərində səsvermə keçiriləcək məntəqələrin sayı 5846-ya çatıb.
Bundan əlavə, MSK sədri bələdiyyə seçkiləri üçün akkreditasiyadan keçən müşahidəçilərin sayını açıqlayıb.
Məzahir Pənhov bildirib ki, bələdiyyə seçkiləri üçün 68 mindən artıq müşahidəçi akkreditasiyadan keçib.
Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar 16 128 nəfərin namizədliyi qeydə alınıb.
Yanvrın 6-dan başlayaraq isə Azərbaycanda bələdiyyə seçkiləri üzrə təşviqat kampaniyası başlayıb.
Təşviqat kampaniyası “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən aparılır.
Təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək.
Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə deyib ki, bələdiyyə seçkiləri ilə bağlı heç bir aktivlik müşahidə olunmur.
“Azərbaycanda 29 yanvar bələdiyyə seçkiləri öncəsi təşviqat dönəmi başlayıb, lakin nə siyasi partiyalar, nə də müstəqil namizədlər arasında debatlar və ya diqqətçəkən kampaniyalar keçirilir”, o qeyd edib.
Xatırladaq ki, ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib.
Oktyabrın 18-də Prezident İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Qanuna əsasən ölkədəki mövcud 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsi təsdiqlənib.
Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Seçkilər 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir.