Bayden Papa Fransisi Azadlıq Medalı ilə təltif edib

Arxiv fotosu - Prezident Co Bayden Roma Papası Fransis ilə İtaliyada Savelletri, Pugliada görüşür, 14 iyun 2024.

ABŞ prezidenti Co Bayden şənbə günü Roma Papası Fransisi prezident tərəfindən verilən ən yüksək mülki mükafat olan Prezidentin Fərqlənmə ilə Azadlıq Medalı ilə təltif edib.

Bayden bu həftə Papa Fransislə şəxsən görüşməli idi, lakin o, Kaliforniyada meşə yanğınları ilə mübarizə məqsədilə federal səylərə nəzarət etmək üçün Romaya səfərini ləğv edib.

Ağ Evin bəyanatında Baydenin mükafatın verildiyini Papaya telefon danışığı zamanı bildirdiyi deyilir. Telefon söhbəti zamanı onların həmçinin dünyada sülhü təşviq etmək və əzabları yüngülləşdirmək səylərini müzakirə etdiyi bildirilir.

Bu, ilk dəfədir ki, Bayden prezidentliyi dövründə fərqlənmə ilə Azadlıq Medalı mükafatını təqdim edir. Baydenin özü səkkiz il əvvəl vitse-prezident olduqda o vaxtkı prezident Barak Obama tərəfindən gözlənilməz mərasim zamanı bu mükafatı alıb. Obama iki müddət ərzində prezidentliyi dövründə bu medalı yeganə halda təqdim edib.

Roma Papası haqda “onun yoxsullara xidmət missiyasının heç vaxt bitmədiyi” qeyd edilir. “Sevgi dolu bir pastor kimi o, uşaqların Tanrı haqda suallarına məmnunluqla cavab verir. Bir müəllim olaraq, o, bizi sülh uğrunda mübarizə aparmağa və planeti qorumağa çağırır. Qonaqpərvər lider kimi o, müxtəlif dinlərin nümayəndələri ilə əlaqə yaradır”, Papa Fransis haqda deyilir.

Bayden yanvarın 20-də vəzifəsini tərk etməyə hazırlaşır və son həftələrdə tərəfdarları və müttəfiqləri də daxil olmaqla, tanınmış simalara mükafatlar təqdim edib.

Prezident tərəfindən Azadlıq Medalı ABŞ-ın rifahı, dəyərləri və təhlükəsizliyi, eləcə də dünyada sülhə və ya digər mühüm ictimai, dövlət və ya özəl səylərə nümunəvi töhfələr vermiş şəxslərə verilir.

Bir həftə əvvəl Bayden keçmiş dövlət katibi Hillari Klinton, aşpaz Xose Andres, təbiətin mühafizəçisi Ceyn Qudall və başqalarını Azadlıq medalı ilə təltif edib.