Səid Minayi ətraf mühitin çirklənməsi ilə bağlı paylaşımlarına görə Marağa prokurorluğuna çağırılıb

Səid Minayi, yazar və siyasi fəal

Şərqi Azərbaycan vilayətində Kaveh Soda şirkətinin ətraf mühiti çirkəndirdiyinə dair sosial mediada açıqlamalar paylaşan siyasi fəal Səid Minayi Marağa şəhərinin Ümumi və İnqilab Prokurorluğuna çağırılıb.

Yazar və siyasi fəal Səid Minayı öz Instagram səhifəsində ona göndərilən elektron çağırışın surətini paylaşıb.

Şərqi Azərbaycan vilayətinin Urmiyə gölünün ətrafındakı bölgələrində fəaliyyət göstərən və şüşə fabrikləri üçün xammal, eləcə də yuyucu vasitələr istehsal edən Kaveh Soda şirkəti illərdir ki ətraf mühit fəallarının tənqid və etirazları ilə qarşı-qarşıyadır.

Səid Minayi keçən ilin yayında “Kaveh Soda” şirkətinin tullantı sularını Urmiyə gölünə axıtmaq üçün Binab şəhəri və kəndlərində qazma işləri aparmasının təhlükələri və gələcəkdəki fəsadları haqqında yazılar və kliplər paylaşdığı üçün oktyabr ayında şirkət tərəfindən məhkəməyə verilmişdi.

SEE ALSO: Şərqi Azərbaycan vilayətində siyasi fəal şirkət tərəfindən ətraf mühitin çirkləndirildiyinə dair paylaşımlarına görə məhkəməyə verilib

Şirkətin şikayətinin ardınca Marağa şəhərinin Ümumi və İnqilab Prokurorluğu Minayiyə qarşı “internet vasitəsilə yalan məlumat yaymaq” ittihamını irəli sürüb.

Yanvarın 11-də göndərilən elektron çağırışda siyasi fəala irəli sürülən ittihama qarşı özünü müdafiə etmək üçün vəkili ilə birlikdə və “etibarlı bir zaminin müşayiəti ilə” 5 gün ərzində şöbəyə müraciət etməsi tələb olunub.

Şərqi Azərbaycan vilayəti Binab şəhərinin sakini, yazar və siyasi fəal Səid Minayi keçən illərdən bəri sosial şəbəkələrdə məqalə və video formasında paylaşdığı tənqidi şərhləri ilə əlaqədar təhlükəsizlik qüvvələrinin təhdid və təzyiqlərinə məruz qalıb.

SEE ALSO: Evin həbsxanasında saxlanılan türk fəalların işi Tehranın apellyasiya məhkəməsində

O digər bir məhkəmə işində Tehran İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq”da təqsirli bilinərək, 5 il həbsə məhkum edilib.