Ukrayna prezidenti Volodimir Zelenski bazar günü müttəfiqlərini Rusiyanın hava hücumlarını dəf etmək üçün silahlar da daxil olmaqla, Ukraynaya silah tədarük etməklə bağlı bütün vədlərinə əməl etməyə çağırıb.
Zelenski bildirib ki, son bir həftə ərzində Rusiya qüvvələri 700-ə yaxın aviabomba və 600-dən çox hücum dronundan istifadə edərək, Ukraynaya yüzlərlə zərbə endirib.
Ukrayna hərbi qüvvələri bazar günü Ukrayna hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın bir gecədə buraxdığı 94 drondan 60-nı vurduğunu bildirib. Ukraynanın Rusiya dronlarını yönləndirmək üçün radio elektron mübarizə vasitələrindən istifadə etməsinə işarə edərək, 34 pilotsuz dronun “itirildiyi” bildirilib.
“Rusiyanın müharibəsi hər həftə yalnız ona görə davam edir ki, Rusiya ordusu Ukraynanı terrorizə etmək və səmadakı üstünlüyündən istifadə etmək qabiliyyətini qoruyub saxlayır”, Zelenski Telegram mesajlaşma proqramında deyib.
O, Ukraynanın müttəfiqlərini artıq əldə olunmuş razılaşmaları yerinə yetirməyə çağırıb.
“NATO-nun Vaşinqtonda keçirilən sammitində, eləcə də Ramşteyndəki görüşlərdə Ukraynanın hava hücumundan müdafiəsi ilə bağlı qəbul edilən qərarlar hələ də tam yerinə yetirilməyib” - deyə, Zelenski bildirib.
Ukrayna lideri bu həftə bildirib ki, o, tərəfdaşlar və ABŞ-la Ukraynaya hava hücumundan müdafiə sistemləri və raketlərin istehsalı üçün lisenziyaların verilməsi imkanını müzakirə edib.