Trampın xüsusi elçisi Netanyahu ilə görüşüb

Netanyahunun ofisi bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə elçisi Stiv Vitkof Qəzzada atəşkəsin təmin olunmasına təkan vermək məqsədilə şənbə günü İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Netanyahunun ofisindən verilən açıqlamada deyilir ki, görüşdən sonra Netanyahu Qəzzada HƏMAS tərəfindən saxlanılan girovların geri qaytarılması üçün danışıqları "irəlilətmək" məqsədilə İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyətini Qətərə göndərib.

Bundan öncə şənbə günü bir İsrail rəsmisi bildirib ki, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə İsrail və fələstinli HƏMAS silahlı qruplaşması arasında dolayı danışıqlarda Qəzza ilə bağlı razılığa gəlmək üçün müəyyən irəliləyiş əldə edilib.

Vasitəçilər Tramp yanvarın 20-də vəzifəyə başlamadan əvvəl anklavda döyüşləri dayandırmaq və orada saxlanılan qalan israilli girovları azad etmək üçün razılığa gəlmək üçün səylərini yeniləyiblər. Razılıq İsrail həbsxanalarında saxlanılan bəzi fələstinli məhbusların azad edilməsini də əhatə edəcək.

İsrailli girovların ailələri Netanyahunun rəsmiləri göndərmək qərarını alqışlayıblar, və Girovlar və İtkin Düşənlərin Ailələri Forumunun Baş Qərargahı bunu "tarixi fürsət" kimi qiymətləndirib.

Qətər Xarici İşlər Nazirliyi bildirib ki, Vitkoff cümə günü Dohaya gəlib və Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.

Misirin təhlükəsizlik mənbələri heç bir təfərrüat vermədən, bildiriblər ki, Misir və Qətərdən vasitəçilər Vitkofdan ABŞ-ın müharibəni tezliklə bitirmək üçün ədalətli razılıq yolunda işləməyə davam edəcəyinə dair söz alıblar.

İsrail Qəzzaya hücuma HƏMAS döyüşçülərinin 2023-cü ilin oktyabrında İsrailə hücum edərək, İsrailin məlumatlarına görə, 1200 adamı öldürüb, 250-dən çox insanı girov götürməsindən sonra başlayıb.

Fələstinli səhiyyə rəsmilərinin bildirdiyinə görə, o vaxtdan bəri Qəzzada 46,000-dən çox insan həlak olub, anklavın çox hissəsi xarabalığa çevrilib, ərazidə humanitar böhran yaranıb.

Qəzzada hücumlar

Şənbə günü fələstinli fövqəladə hallar xidməti bildirib ki, İsrailin Qəzza zolağının şimalında, Cəbəliyyədə köçkün ailələrin sığındığı keçmiş məktəbə hücumu nəticəsində ikisi qadın və ikisi uşaq olmaqla 8 nəfər həlak olub.

İsrail ordusu zərbənin məktəbdə fəaliyyət göstərən HƏMAS militantlarını hədəf aldığını və mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün tədbirlər gördüyünü bildirib.

Daha sonra şənbə günü Qəzza Mülki Fövqəladə Xidməti İsrailin iki zərbəsi nəticəsində beş nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib. Zərbələrdən biri Qəzza şəhərinin Dərəc məhəlləsi yaxınlığındakı evdə 3 nəfərin ölümünə səbəb olub.

İsrail ordusu təqribən həmin vaxt "həmin ərazidə" HƏMAS militantını vurduğunu bildirib.