Fələstinli səhiyyə rəsmiləri Qəzzada ölənlərin sayının 46 000-i keçdiyini bildirir

Qəzza Səhiyyə Nazirliyi cümə axşamı İsrail-HƏMAS müharibəsində 70 yeni ölüm halını təsdiqləyib. Bu isə 2023-cü ilin oktyabrında başlayan münaqişə dövründə öldürülən fələstinlilərin ümumi sayını 46 000-ə çatdırıb.

Ölənlərlə yanaşı, nazirlik bu müddət ərzində 109 300-dən çox insanın yaralandığını bildirib.

Öz statistikalarında döyüşçü və mülki şəxslər arasında fərq qoymayan nazirlik qurbanların yarısından çoxunun qadın və uşaqlar olduğunu qeyd edib.

Qəzzadakı müharibə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın 1200 nəfəri öldürdüyü və təxminən 250 nəfəri girov götürdüyü hücumu ilə başlayıb. Hazırda Qəzzada həmin girovlardan təxminən 100 nəfər saxlanılır, onlardan ən azı üçdə birinin öldüyünə inanılır.

Misir, Qətər və ABŞ İsrail və HƏMAS arasında atəşkəsin təmin olunması, girovların azad edilməsi və fələstinli mülki şəxslər üçün humanitar yardımların artırılması səylərinə rəhbərlik edir.

ABŞ-ın dövlət katibi Antoni Blinken çərşənbə günü bildirib ki, razılaşmanın əldə edilməsi “çox yaxındır” və o, bunun Prezident Co Baydenin səlahiyyət müddəti bitməzdən əvvəl əldə ediləcəyinə ümid edir.

“Ümid edirəm ki, qalan vaxtımızda bu işi tamamlayacağıq, lakin bacarmasaq, o zaman Prezident Baydenin atəşkəs-girov razılaşması üçün irəli sürdüyü plan gələn administrasiyaya ötürüləcək”, Blinken deyib.

ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digər ölkələr HƏMAS-ı terror təşkilatı kimi tanıyıblar.