Zaporijye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorovun bildirdiyinə görə, Rusiya qoşunları Zaporijyeni vurub.
Onun sözlərinə görə, 13 nəfər ölüb. "Suspilne" Telegram kanalı Fedorova istinadən yazır ki, daha 18 nəfər yaralanıb. Baş Prokurorluq 29 zərərçəkən barədə məlumat verib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, zərbə aviasiya bombaları ilə endirilib.
“Adi mülki insanların zərər görəcəyini bilə-bilə şəhərə avia bombaların atılmasından daha amansız bir şey yoxdur. Rusiyaya terrora görə təzyiq göstərmək lazımdır. Ukraynada həyatları qorumağı dəstəkləmək vacibdir. Belə bir müharibəni etibarlı sülhlə yalnız güc sayəsində bitirmək mümkündür," o bildirib.
Fedorovun yayımladığı video və fotoşəkillərdə yanan avtomobillər əks olunub. O, rus ordusunun hansı sənaye obyektini vurduğunu hələ dəqiqləşdirməyib.
Yanvarın əvvəlində rus qoşunları Zaporijye vilayətinin Vasilyevski rayonunun Stepnoqorsk kəndində beşmərtəbəli binaya zərbələr endirmiş, nəticədə bir nəfər həlak olmuşdur. Fedorov bildirib ki, Rusiya hərbçiləri məskunlaşan əraziyə 11 idarə olunan bomba atıb.