Ermənistanın baş naziri Azərbaycan prezidentinin bəyanatlarına münasibət bildirib

Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 7-də Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bəyanatlara “Armenpress” agentliyini sorğusuna cavabda münasibət bildirib.

Nikol Paşinyan Prezident İlham Əliyevin bir gün öncə Ermənistana qarşı "sərt bəyanatları" ilə bağlı suala cavabda deyib ki, “ola bilsin ki, Bakı regionda eskalasiyanı “qanunlaşdırmağa” çalışır.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində Ermənistan-Azərbaycan sülh prosesindən danışarkən Ermənistanın silahlanmasının regionda "yeni gərginliyə" gətirib çıxaracağını bildirib.

“Biz bunu istəmirik. Biz sülh istəyirik,” o bildirib və Azərbaycanın Ermənistan üçün təhlükə mənbəyi olmadığını vurğulayıb, eyni zamanda əlavə edib ki, Ermənistanın "Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinə" qarşıdır.

"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır,” Əliyev deyib.

İlham Əliyev

Nikol Paşinyan öz cavabında "aqressiv bəyanatların" Yerevan tərəfindən "aqressiv reaksiyalara" hesablandığını bildirib və bunu eskalasiyaya zəmin yaratmaq üçün cəhd kimi xarakterizə edib.

“Biz bu yolla getməyəcəyik və sülh strategiyasına sadiq qalacağıq və sülh gündəmini ardıcıl olaraq həyata keçirməyə davam edəcəyik. Bu o deməkdir ki, biz təcavüz dilindən deyil, dialoq dilindən istifadə edəcəyik. Biz sərhədlərin müəyyənləşdirilməsinə, sülh müqaviləsinin mətninin razılaşdırılmasına, “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsinə, humanitar məsələlərə, o cümlədən itkin düşənlərin taleyinin aydınlaşdırılması problemlərinə diqqəti davam etdirəcəyik”, o qeyd edib.

Baş nazir bildirib ki, Ermənistan sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həlli yollarını təklif edib.

“Azərbaycandan müsbət cavab olarsa, müqaviləni imzalamağa hazırıq”, o qeyd edib.

Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizinın” açılacağı ilə bağlı dediklərinə gəlincə Paşinyan deyib ki, Ermənistan “Dünyanın kəsişməsi” layihəsini masaya qoyub və həyata keçirməyə hazırlaşır.

“Bizim gündəmimizdə başqa layihə yoxdur. “Dünyanın kəsişməsi” regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan marşrutu üzrə kommunikasiyaların açılmasını nəzərdə tutur. Artıq demək imkanım olub ki, biz Azərbaycana Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması ilə bağlı çox konkret təklif vermişik. Bu, təklifdən çox, konkret məsələlərin konkret həllidir və biz Azərbaycandan müsbət reaksiya gözləyirik, bundan sonra razılıq əldə olunacaq, kağıza yazılacaq və biz bölgəmizdə dəmir yolunun tikintisinə başlayacağıq”.

Azərbaycan Prezidentinin Ermənistanın silahlanmasının regionda gərginlik yaradacağı fikrilərinə gəlincə Baş nazir bildirib ki, Ermənistan ordusunun islahat proqramında qeyri-legitimlik elementləri yoxdur.

“Bir daha deməliyəm ki, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycandan da bunu, yəni Ermənistanın ərazi bütövlüyünün aydın və qeyd-şərtsiz tanınmasını gözləyir. Mən onu da bildirim ki, biz Azərbaycanın işğal etdiyi Ermənistanın 200 kvadrat kilometrdən çox ərazisini hərbi yolla qaytarmaq vəzifəsini qoymuruq, çünki demarkasiya prosesi bu məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə imkan verir. Bütün bunları qeyd etməklə, heç kim Ermənistanın müdafiə qabiliyyətli orduya malik olmaq hüququna etiraz edə bilməz. Silah məsələsinə gəlincə, Azərbaycanın silahları ilə bağlı bizim də narahatlıqlarımız var və onların da narahatlığını eşitmişik. Məhz bu səbəbdən biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin formalaşdırılması təklifi ilə çıxış etmişik və onların cavabını gözləyirik”, o qeyd edib.

Nikol Paşinyan həmçinin yanvarda iki ölkənin delimitasiya komissiyasının görüşünün planlaşdırıldığını təsdiq edib.

“Əminəm ki, 2024-cü ildə demarkasiyanın müsbət təcrübəsi sakit, iş mühitində inkişaf etdirilməlidir. Biz bu cür işə sadiqik”, o qeyd edib.