Bakı-Qroznı təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşlarının kredit borcları silinib

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının kredit öhdəlikləri tam həcmdə silinib.

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada bildirilir.

"Qəza nəticəsində ekipaj üzvlərinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, maliyyə icmasını da dərindən sarsıdıb və hədsiz kədərləndirib. Faciəvi hadisə ilə əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankının tövsiyəsi, ABA və AMFA-nın təşəbbüsü ilə kredit borcları silinib. Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik", məlumatda qeyd olunub.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.