Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində Azərbaycanın daxili iqtisadi-sosial durumundan, Xəzər regionunda dövlətlərarası münasibətlər, Azərbaycan-Ermənistan sülh prosesindən və iki ölkə arasında gərginliyə rəvac verən silahlanmadan, Azərbaycanın Türkiyə, ABŞ, İranla münasibətlərinin perspektivlərindən, Suriyada quruculuq işlərində iştirakından, Avropanın enerji təchizatında Azərbaycanın rolundan və digər çoxsaylı məsələlərdən danışıb. Müsahibə üç saatadək davam edib.
Azərbaycan Prezidenti Azərbaycan-ABŞ münasibətlərinin indiki gərgin durumunu qeyd edib və Donald Trampın hakimiyyəti dövründə münasibətlərin yaxşılacağını, hətta strateji tərəfdaşlığa yaxınlaşa biləcəyinə ümid etdiyini deyib.
“Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik,” o, qeyd edib.
Donald Trampın öz açıqlamaları ilə aydın mesajlar göndərdiyini vurğulayan Azərbaycan prezidenti deyib ki, bu mesajların "əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür" və əlavə edib ki, münsaibətlərin perspektivlərinə "ümidlər böyükdür". "O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq,” o, əlavə edib.
Ermənistan-Azərbaycan sülh prosesindən danışan Əliyev deyib ki, bu ay Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının növbəti görüşü keçiriləcək.
Onun fikrincə, Ermənistanın silahlanması, “sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq”. “Biz bunu istəmirik. Biz sülh istəyirik,” o bildirib.
Əliyev Azərbaycanın Ermənistan üçün təhlükə mənbəyi olmadığını vurğulayıb, eyni zamanda əlavə edib ki, Ermənistanın "Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinə" ziddir. "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır,” Əliyev deyib.
Ermənistan rəsmiləri hələlik Əliyevin son bəyanatlarına reaksiya verməyiblər. Rəsmi Yerevan Azərbaycanın keçmişdə "Zəngəzur dəhlizi" açmaq təklifini rədd edərək Ermənistanın öz ərazisindən keçəcək marşrutlara nəzarət etməli olduğunu vurğulayıb. Sonradan Azərbaycan Ermənistanla mümkün sülh müqaviləsindən dəhliz barədə şərtin çıxarılmasına razılıq verib.
Prezident Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşərkən Suriyada baş verən dəyişikliklərdən məmnunluöunu ifadə edib.
“Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir”.
O vurğulayıb ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır.
“Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir,” Əliyev əlavə edib.
Azərbaycan prezidenti İsrail-Fələstin məsələsində də mövqeyinin dəyişməz qaldığını söyləyib.
Dövlət başçısı İran-Azərbaycan münasibətlərindən danışarkən ilk növbədə İkinci Qarabağ müharibəsi zamanı İranın Azərbaycana qarşı münasibətlərindəki gərginliyi qeyd edib.
"Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdur,” dövlət başçısı qeyd edib.
Əliyev Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə də toxunarkən deyib:
“Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”.
Azərbaycan Prezidenti son günlərdə İranın ali dini liderinin Azərbaycanla sərhəd Ərdəbil şəhərindəki nümayəndəsinin Azərbaycanın, Türkiyənin, həmçinin Azərbaycan Prezidentinin əleyhinə səsləndidirdiyi fikirləri qəbuledilməz hesab edir.
“Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir," Əliyev bildirib.
İran rəsmiləri Əlyev səsləndirdiyi son bəyanata hələlik reaksiya verməyiblər. Lakin Azərbaycan XİN-in insidentlə bağlı etirazına cavabda İran xarici işlər nazirinin köməkçisi və qurumun Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçilu deyib:
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etirazı ölkəmizin şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları ilə bağlı olub. Təbii ki, qeyd etmək lazımdır ki, bu cür açıqlamaların İran İslam Respublikası hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur.”
İlham Əliyev Avropanın enerji təchizatılnda Azərbaycanın mühüm rolunu qeyd edib və enerji layihələrinin maliyyələşdirilməsində Avropanın maliyyə qurumlarının iştirakda maraqlı olmamasını deyib. Dövlət başçısı Azərbaycanın çoxsaylı Avropa dövlətlərinin qaz təchizatında perspektiv roluna da toxunub.
“Ümid edirik ki, bu il biz Azəri-Çıraq-Günəşlidə “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq. Bununla yanaşı, “Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq,” Əliyev qeyd edib.
Prezident Əliyev həmçinin Avropa İttifaqının Azərbaycana qarşı münasibətinə tənqidi yanaşıb. Onun dediyinə görə, Avropa İttifaqının Azərbaycana qarşı münasibəti, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri fonunda qəbuledilməzdir.
Əliyev həmçşinin Fransa və həmin ölkənin prezidenti Emmanuel Makronun ünvanına tənqidlər səsləndirərək rəsmi Parisi "anti-Azərbaycan" siyasət yürütməkdə ittiham edib və Fransa liderinin Azərbaycanın ölkəsinin daxili işlərinə qarışması barədə dediklərini rədd edib.
Bir qədər öncə Fransa Prezidenti Emmanuel Makron Azərbaycanı Fransaya qarşı “qəbuledilməz müdaxilər”də günahlandırıb. Rəsmi Bakı Fransa Prezidentinin səsləndirdiyi fikirlərin “qəbuledilməz” olduğunu bildirib.
Yanvarın 6-da Parisdə səfirlər konfransında çıxışı zamanı hazırda dünyada demokratiyanın təhdidlərə məruz qaldığını və qeyri-stabilliyin hökm sürdüyünü deyən Makron Fransanın özünün Azərbaycan tərəfindən hücumlara məruz qaldığını vurğulayıb.
“Fransanın özü son aylarda əksər dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücuma məruz qalıb,” Emmanuel Makron deyib və əlavə edib ki, Fransanın beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyini anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür.
Prezident Əlyevin yerli telekanallara müsahibəsi Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən Rusiya və İranla münasibətlərinin gərginləşdiyi dövrə təsadüf edir.