Amerikalılar Cimmi Karteri yad edir

Your browser doesn’t support HTML5

Amerikalılar ölkənin 39-cu prezidenti Cimmi Karterin ölümündən sonra onun haqqında düşüncələrini bölüşürlər. Karter bazar günü 100 yaşında vəfat etdi.

Ağ Ev qarşısında bayraqlar yarıendirilmiş halda asılıb.

Kaliforniyalı Şeril Cons deyir ki, Cimmi Karter onun ən sevimli prezidenti idi: “O, sadəcə yaxşı bir insan idi. Dürüst bir insan. Səmimi bir insan. Belə insanları artıq çox görmürük.”

Vaşinqton ştatı sakini Kit Börns Karteri ehtiyacı olan insanlar üçün evlər tikməsi ilə xatırlayır: “Yaşadığım yerə yaxın bir çox Habitat for Humanity evləri var. Onun başqalarına kömək etməyə olan sədaqəti… Məncə, bizim həyatımızdakı əsas məqsəd bu olmalıdır. Dünyanın vəziyyəti çox pisdir. Çünki artıq insanlara kömək etmirik. Amma o, bizə illər boyu müraciət edə biləcəyimi bir nümunə göstərdi.”

Vircinya sakini Natoşa Volker deyir ki, Karter insanlara qayğı göstərməyin vacibliyini göstərdi: “İctimai xadim insanlara xidmət göstərməlidir. Ən vacib xüsusiyyət bu olmalıdır. Liderliyi ilə nümunə olmalıdır. Bilirsiniz, o, İncil təhsili verirdi, Habitat for Humanity ilə işləyirdi. Bunlar bizim necə liderlik etməli olduğumuzu və həmvətənlərimizlə necə ünsiyyət qurmalı olduğumuzu göstərən yaxşı nümunələrdir.”

Nyu York Səhm Birjası bazar ertəsi açılış zəngindən öncə keçmiş prezidentin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Nyu Cersi sakini Delores Spivak Karterin israillilər və fələstinlilərlə apardığı işi xatırlayır: “Ona borcluyam. Onun prezidentliyinə borcluyam. Çünki o, ətraf mühit, vətəndaş hüquqları üçün mübarizə aparan insan idi. Amma sonra da yazdığı kitablar, xüsusən də Yaxın Şərq haqqında yazdıqları möhtəşəm idilər. Kemp Deyvid razılaşmasını yada salanda ürəyim döyünür.”

Konnektikut sakini Kim Potvin deyir ki, Karterin ölümü onun həyatını və prezidentliyini daha yaxından öyrənmək üçün bir fürsətdir: “Onun cəlb olunduğu siyasətləri haqda əvvəl bilmirdim. O dövrün iqtisadiyyatı və tarixi haqqında da çox şey öyrənmək istəyirəm. Çünki həmişə düşünürəm ki, tarixdən çox şey öyrənirik, çünki bu, bugünkü günə birbaşa təsir edir.”

Karterin doğulduğu Corciyanın Pleyns şəhərində Sandra Volters qarşı küçədə böyüyən dostunu xatırlayır: “Tanrım, ona 100 il yaşamağa və istədiyi hər şeyi etməyə imkan verdiyinə görə sənə təşəkkür edirəm. Məncə, o, bu şəhərdən çıxan bir insan üçün o qədər çox şey bacardı ki… Fıstıq fermasında böyüyüb, ABŞ prezidentinə çevrilmiş birinin etdiklərini düşündükdə, kədərli olmaq olarmı?”

Karter Pleyns şəhərində dəfn olunacaq.

Amma dəfndən öncə 9 yanvar tarixində paytaxt Vaşinqtonda onunla vidalaşma mərasimi keçiriləcək.