Sabiq ABŞ Prezidenti Cimmi Karter 100 yaşında vəfat edib, dəfn mərasimi yanvarın 9-da keçiriləcək

Birləşmiş Ştatların 39-cu prezidenti olmuş Cimmi Karter 100 yaşında vəfat edib.

1977-ci il yanvarın 20-də prezidentlik andını içərkən Karter Amerikaya "xalqı kimi yaxşı hökumət" vəd etmişdi.

Dörd təlatümlü hakimiyyət illərində Karter artan inflyasiya və işsizliklə çarpışmışdı.

Misirlə İsrail arasında tarixi sülh müqaviləsinə və Panama Kanalı sazişinə vasitəçilik etmiş Karter xarici siyasətdə bir sıra uğurları ilə yadda qalıb. Lakin İrandakı girov böhranı onun Ağ Evdəki son illərini müşayiət edərək 1980-ci ildə prezident seçkilərində məğlubiyyətinə töhfə vermişdi.

Ağ Ev Karterin vəfatı münasibətilə Prezident Co Bayden və birinci ledi Cill Baydenin açıqlamasını yayıb.

"Altı onillik ərzində biz Cimmi Karteri dost adlandırmaq şərəfinə malik olmuşuq. Lakin Cimmi Karteri fövqəladə şəxsiyyət edən o idi ki, bütün Amerika və dünya boyu onunla şəxsən görüşməmiş milyonlarla adam da onun haqqında əziz dost kimi fikirləşib".

Prezident seçilmiş Donald Tramp 'Truth Social' platformasında yazıb:

"Cimmi Karterin prezident qismində üzləşdiyi sınaqlar ölkəmiz üçün mühüm dönəmə təsadüf edib və o, amerikalıların rifah halını yaxşılaşdırmaq üçün əlndən gələni əsirgəməyib. Ona görə biz hamımız ona minnətdarıq".

Karterin Ağ Evə həyat yolu Corciya ştatının Plains adlı kiçik qəsəbəsində başlayıb. Karter 1924-cü ilin oktyabr ayının 1-də həmin qəsəbədə anadan olub.

ABŞ hərbi dəniz donanmasında zabit kimi xidmət göstərən Karter II Dünya Müharibəsindən sonra nüvə sualtı qayıq donanmasının yayadılmasına yardımçı olur. 1953-cü ildə Karter ailəsinə məxsus fıstıq biznesini işlətmək üçün doğma ştatına qayıdır.

1960-cı ildə Gorciya ştat parlamentində iki dönəm xidmət etdikdən sonra 1971-75-ci illər arasında Corciya ştatının qubernatoru olur.

1976-cı ildə Demokrat partiyasının namizədi kimi prezident seçkilərinə qatılan Karter Respublikaçı rəqibi Cerald Fordu məğlub edir.

Hakimiyyətdən getdikdən sonra Karter Mərkəzini yaradan sabiq prezident bir çox təşəbbüslərin müəllifi olur.

Onun rəhbərliyi altında Karter Mərkəzi 80-dən çox ölkədə seçkilərin montiqorinqində iştirak edir və bir sıra beynəlxalq münaqişələrin çözülməsində vasitəçilik edir.

Bundan əlavə, mərkəz planetin ən yoxsul hissələrində ictimai səhiyyənin təmin edilməsi uğrunda və yoluxucu xəstəliklərə qarşı mübarizə aparır.

Cimmi Karter yanvarın 9-da dəfn ediləcək.

ABŞ prezidenti Co Bayden Karter üçün dövlət dəfn mərasiminin Milli Matəm Günü ilə eyni gündə keçirilməsini planlaşdırıb. Bayden həmçinin ictimai binalarda bayraqların 30 gün ərzində yarıya endirilməsinə göstəriş verib.