Azərbaycan Səhiyyə Nazirliyində qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın qabaqcadan əlbir olduğu əvvəllər həmin nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.