İranın qeydiyyat idarəsi təbrizli üçəmlərə türk adı ilə şəxsiyyət vəsiqəsi vermir

İran İslam Respublikasının şəxsiyyət vəsiqəsi

Təbrizin Səfəri ailəsi təqribən 4 ay əvvəl dünyaya gələn üçəmlərinə seçdikləri Elşən, Elnur və Sevgi adları ilə şəxsiyyət vəsiqəsi ala bilməyib.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi mənbələrə istinadən, qeydiyyat idarəsi ailənin lehinə çıxarılmış məhkəmə qərarına rəğmən şəxsiyyət vəsiqəsi vermir.

Mənbələrin bildirdiyinə görə, Təbriz qeydiyyat şöbəsi sözügedən adların yazılışının fars dilinin orfoqrafiya qaydalarına uyğun olmadığına görə onları qeydiyyatdan keçirməkdən imtina edirlər.

Həmin adlar daha əvvəl İran Azərbaycanının müxtəlif şəhərlərində bəzi ailələrin apardığı hüquqi mücadilələr nəticəsində qeydiyyatdan keçib. Ancaq Təbriz qeydiyyat şöbəsi Səfəri ailəsinə Tehrandan fars dilinin orfoqrafiyasına uyğun olmayan adların qeydə alınmaması yönündə direktiv gəldiyini deyib.

SEE ALSO: İran Azərbaycanında “Çağrı Manas” adlı uşağın 4 ildən artıqdır şəxsiyyət vəsiqəsi yoxdur

İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türk adları ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr var. Ailələr övladlarına şəxsiyyət vəsiqəsi verilmədiyinə görə dövlətin səhiyyə və digər xidmətlərindən yararlana bilməyib və özəl sektordan xidmət almaq üçün yüksək məbləğlər ödəməli olurlar.

Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Hakan, Anar, Əmrə, Çağrı, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.

Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını irəli sürərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.