Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkədə minimum aylıq əmək haqqı 1 yanvar 2025-ci ildən etibarən 400 manat (235 ABŞ dolları) müəyyən edilib.
Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Bundan əlavə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının yeni minimum əməkhaqqına uyğunlaşdırılması da Nazirlər Kabinetinə tapşırılıb. Bu proses bir ay ərzində tamamlanmalı və sosial müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı təkliflər üç ay ərzində Prezidentə təqdim edilməlidir.
Sərəncamda həmçinin Nazirlər Kabinetinə islahatlardan irəli gələn digər məsələlərin həlli ilə bağlı tədbirlər görmək tapşırılıb.
İqtisadi məslələr üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Saəsinə bildirib ki, yeni büdcə ilində minimum əmək haqqının 400 manata çatdırılması (hazırda 345 manatdır) 16 faiz artım deməkdir.
“Bu, dövlət sektorunda çalışan təxminən 300-400 min insanın əmək haqqının artmasına səbəb olacaq. Çünki dövlət sektorunda əmək haqqının hesablanması metodologiyası fərqlidir. Burada bir sıra qeyri ixtisaslı ştatlar üzrə hesablamalar minimum əmək haqqı əsas götürülməsi nisbətində müəyyən edilir. Bu göstərici dəyişəndə digər göstəricilər də dəyişir”, o bildirib.
Onun dediyinə görə, 2025-ci il üçün təsdiq edilən ehtiyac meyarında 285 manat nəzərdə tutulub.
“Minumum pensiya indiyədək 280 manat idi. Bu minimum ehtiyac meyarından azdır və minimum penisyanın 320 manata qaldırılması zəruri addımdır”, Rəşad Həsənov qeyd edib.