Siyasi şərhçi Sadıq İsabəyli Amerikanın Səsinə müsahibəsində deyib ki, Suriyada uğradığı strateji məğlubiyyəti həzm etməyən İran İslam Respublikası yeni hakimiyyətin sabitliyi bərpa etmək yönundəki cəhdlərini uğursuz nəticələndirmək üçün təxribat xarakterli fəaliyyətlər həyata keçirə bilər.
Your browser doesn’t support HTML5
“Suriyada baş verən olaylar və Bəşar Əsəd hakimiyyətinin yıxılması göstərdi ki, artıq İran bütün rəqiblərinə, o cümlədən Türkiyə dövlətinə ciddi şəkildə uduzub və bu, strateji ölçüdə bir uduzmaqdır. Yəni, İran həm öz nüfuzunu o bölgədə itirib, həm də ümumiyyətlə Suriyada apardığı o prosesin məğlubiyyətə uğraması bir daha bu rejimə fürsət verməyəcək ki, o vəkil qüvvələrindən öz siyasi məqsədləri üçün istifadə etsin. Bu məğlubiyyət həm də rejimə tərəfdar olan qüvvələr arasında bir uçuruma və ayrışmaya səbəb olub. Bunun da çox ciddi cəhətləri var”, Sadıq İsabəyli bildirib.
Siyasi fəal İran rəsmilərinin açıqlamalarında “təhdid dilindən” istifadə olunduğunu önə çəkib.
SEE ALSO: Taha Kirmani: İran İslam Respublikasının məğlub olduğu hər yerdə barış və sabitlik qazanır“Təhdid dili ilə danışırlar. Özəlliklə Türkiyə dövləti və Türkiyə dövlət başçısına qarşı hədələr və təhqirlər görürük. Belə demək istəyirlər ki, bu iş hələ davam edir və biz bu prosesi hələ aparacayıq. Necə ki, Xameneyinin bir çıxışında da bu var idi ki, Suiyadakı gənclər ayağa qalxacaq və vəziyyəti geri çevirəcək”, o deyib.
Sadıq İsabəyli Tehranın Əsəd rejimini hakimiyyətdə saxlamaq üçün xərclədiyi böyük pullar və çoxsayda Sepah qüvvəsinin Suriyada həlak olduğuna diqqət çəkərək deyib ki, İran Türkiyənin nailiyyətlərini səmərəsiz etmək və Suriyada sabitliyin bərpasının qarşısını almaq üçün təxribat xarakterli fəaliyyətlər həyata keçirməyə çalışa bilər.
SEE ALSO: Məcid Araz: İslam Respublikasının Suriyadakı məğlubiyyəti çox böyükdür, propaqanda ilə üstünü örtə bilməz“İranın itkiləri böyükdür. Bu istər-istəməz həm də daxildə rejimin bir təzyiqə uğramasına gətirib çıxarar. Nəhayətdə bu məğlubiyyət rejimin bölgədə təklənməsinə də yol açar. Bunu önləmək üçün Suriyadakı yeni hakimiyyətlə birbaşa dialoqa keçə bilərmi, onlarla uzlaşa bilərmi, öz məğlubiyyəti ilə üzləşə bilərmi sualları çox ciddi suallardır. Amma apardıqları fəaliyyət budur ki, bunlar hələ də dirənmək fikrindədir və çalışacaq ki, Türkiyə dövlətinin əldə etdiyi nailiyyətləri səmərəsiz etsin və mən hesab edirəm ki, birinci mərhələdə oradakı bəzi terror qruplaşmalarını fəallaşdırmaq üçün onlarla əlaqəyə girib və Suriya daxilində sabitliyi pozacaq təxribatları həyata keçirməyə çalışa bilərlər” - deyə, Sadıq İsabəyli əlavə edib.