Donald Tramp dövlət vəzifələrinə yeni namizədlər irəli sürüb

ABŞ prezidenti seçilmiş Donald Tramp Federal Dəmir Yolları İdarəsi (FRA), ABŞ Ədliyyə Nazirliyində yüksək vəzifələr və diplomatik postlara bir neçə namizəd irəli sürüb.

Tramp Federal Dəmir Yolları İdarəsi üçün "beşinci nəsil dəmir yolçusu" David Finki təklif edib və onun FRA-nı "təhlükəsizlik və texnoloji innovasiyaların yeni dövrünə" aparacağını bildirib.

Ədliyyə Nazirliyi aparatının rəhbəri vəzifəsi üçün Tramp ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Çad Mizelli namizəd göstərib.
Ədliyyə Nazirliyinin Hüquqi Siyasət İdarəsinin (OLP) rəhbəri vəzifəsinə isə Texasın keçmiş Baş Prokuroru müavini və senator Ted Kruzun keçmiş baş katibi Aaron Reitz təklif edilib.

Böyük Britaniyaya ABŞ-nın xüsusi nümayəndəsi olaraq 13 Emmy mükafatı qazanan, MGM-nin keçmiş İdarə Heyətinin sədri və "The Voice" və xüsusilə Donald Trampın uzun müddət iştirak etdiyi "The Apprentice" kimi televiziya şoularının prodüseri Mark Burnett təklif edilib.

Tramp ABŞ-nın İtaliyadakı səfiri vəzifəsinə Landry's şirkətlər qrupunun sahibi Tilman Fertittanı namizəd göstərib. Bu şirkətə "The Golden Nugget Hotel and Casinos" kazinoları və otelləri, həmçinin Morton's The Steakhouse, Rainforest Cafe, Bubba Gump Shrimp Co., McCormick & Schmick's Seafood & Steaks və Saltgrass Steak House kimi restoran şəbəkələri daxildir.

Trampın yeni təyinatlar barədəki bəyanatları mətbuatda geniş müzakirə edilir. Noyabrın sonunda o, 80 yaşlı təqaüdçü general Keit Kelloqqu ABŞ-nın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə irəli sürüb.

"Birlikdə biz güc yolu ilə sülhü təmin edəcəyik və Amerika ilə dünyanı yenidən təhlükəsiz edəcəyik"- deyə, Trump bildirib.

Bundan əlavə, seçilmiş prezident konservativ Fox News kanalında keçmiş şərhçi, İraq müharibəsi veteranı Tulsi Qabbardı Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə, başqa bir Fox News telejurnalisti, İraq və Əfqanıstan müharibələri veteranı Pete Heqsetti ABŞ Müdafiə naziri vəzifəsinə, Floridadan olan Respublikaçı senator Marko Rubionu ABŞ Dövlət katibi vəzifəsinə, milyarder İlon Maskı isə yeni bir idarəçiliyi səmərələşdirmək üçün dövlət idarəsi başçısı vəzifəsinə təklif edib.