Suriyanın yeni idarəçiliyi Bəşar Əsədin devrilməsindən iki həftə sonra beynəlxalq əlaqələr qurmağa çalışarkən, xarici işlər naziri təyin etdiklərini bildirdi. Bu barədə şənbə günü Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, yeni hökumətin Baş Komandanlığı Əsəd Həsən əl-Şibanini xarici işlər naziri vəzifəsinə təyin edib. Yeni administrasiyadakı bir mənbənin Reuters agentliyinə bildirdiyinə görə, bu addım “Suriya xalqının sülh və sabitlik gətirəcək beynəlxalq əlaqələr qurma istəklərinə cavab olaraq” atılıb.
Xəbər yayıldığı müddət əl-Şibani barədə əlavə məlumat verilməyib.
Suriyanın de-fakto rəhbəri Əhməd əl-Şəraa hakimiyyətə gələndən sonra beynəlxalq nümayəndə heyətləri ilə fəal şəkildə əlaqə saxlayıb, BMT-nin Suriya xüsusi nümayəndəsini və yüksək səviyyəli ABŞ diplomatlarını qəbul edib.
Əl-Şəraa beynəlxalq nümayəndələrlə diplomatik əlaqələr qurmağa hazır olduğunu bildirərək, əsas diqqətinin bərpa və iqtisadi inkişafın əldə olunması üzərində olduğunu qeyd edib.
O, heç bir yeni münaqişəyə girmək istəmədiyini də bildirib.
ABŞ, digər Qərb ölkələri və bir çox suriyalı, Şəraanın rəhbərlik etdiyi Hayat Tahrir al-Şam (HTS) tərəfindən üsyançı qrupların Əsədi devirməsindən məmnun olub, amma İslamçı qrupun sərt İslam qanunlarını tətbiq edib-etməyəcəyi və ya çevik davranaraq demokratiyaya doğru hərəkət edib-etməyəcəyi hələ qeyri-müəyyəndir.
HTS 2016-cı ilə qədər əl-Qaidə ilə əlaqəli idi, lakin əl-Şəraa o dövrdə bu əlaqələri kəsib.
Suriya üsyançıları 8 dekabrda Dəməşqə nəzarəti ələ keçirərək, Əsədi 13 ildən çox davam edən vətəndaş müharibəsindən sonra qaçmağa məcbur ediblər. Bunun Əsədin ailəsinin onilliklər davam edən hakimiyyətinə son qoyublar.
Əl-Şəraa (daha çox Əbu Məhəmməd əl-Colani kimi tanınır) rəhbərliyindəki qüvvələr İdlibin şimal-qərbindəki üsyançıların idarə etdiyi ərazidə üç aylıq müvəqqəti hökumət qurublar.
Vaşinqton 2013-cü ildə Şəraanı terrorçu olaraq tanıyıb və İraq əl-Qaidəsinin ona, Əsədin hakimiyyətini devirmək və Suriyada İslam şəriəti qanunlarını tətbiq etmək tapşırığını verdiyini bildirmişdi. ABŞ rəsmiləri cümə günü əl-Şəraa üçün qoyulan 10 milyon dollarlıq mükafatı ləğv edəcəklərini açıqlayıblar.
Müharibə yüz minlərlə insanın ölümünə, müasir dövrün ən böyük qaçqın böhranlarından birinin yaranmasına və şəhərlərin bombalanaraq xarabalığa çevrilməsinə, eləcə də qlobal sanksiyalar nəticəsində iqtisadiyyatın çökməsinə səbəb olub.