21 dekabr səhər saatlarında Tatarıstan Respublikasının Kazan şəhərində altı pilotsuz uçan aparat yaşayış binalarını vurub və nəticədə yanğınlar baş verib.
Sosial şəbəkələrdə "Lazurnıye Nebesa", "Manhetten" yaşayış kompleksləri, o cümkədən dördmərtəbəli binaların dronlarla vurulması anlarını göstərən videolar yayılıb.
Şəhərin ən yüksək binası olan 37 mərtəbəli premium-kateqoriyalı "Lazurnıye Nebesa" yaşayış kompleksi ardıcıl iki pilotsuz uçan aparatla vurulub. Binada lift işləmir, sakinlər pilləkənlə təxliyə edilib.
Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti bildirib ki, şəhər 8 pilotsuz uçan aparatla hücuma məruz qalıb. Bunlardan altısı yaşayış binalarını, biri sənaye müəssisəsi vurub. Səkkizinci isə çay üzərində vurulub. Yerli hakimiyyətlər ölən və yaralananların olmadığını bildiriblər.
"Shot" Telegram-kanalı bildirib ki, üç nəfər şüşə qırıqları ilə yaralanıb.
Kazan, İjevsk və Saratov hava limanları fəaliyyətini dayandırıb. Tatarıstanın yerli hakimiyyətləri növbəti iki gün ərzində "təhlükəsizliyin təmin edilməsi məqsədilə" bütün kütləvi tədbirləri ləğv ediblər.