X, Tesla və SpaceX-in milyarder sahibi və ABŞ-ın seçilmiş prezidenti Donald Trampın siyasi müttəfiqi olan İlon Mask, cümə günü Almaniyada fevralın 23-nə təyin edilmiş seçkilər ərəfəsində Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasına dəstəyini ifadə etdi.
X platformasında etdiyi paylaşımda Mask, “Yalnız AfD Almaniyanı xilas edə bilər” yazıb.
Bir neçə saat sonra AfD partiyasının həmsədri olaraq Almaniya kanslerliyinə namizəd Alis Vaydel X-də video paylaşaraq milyarderə təşəkkürünü bildirdi.
“Əziz İlon, sözləriniz üçün çox sağ olun. Almaniya üçün Alternativ - AfD, doğrudan da ölkəmiz üçün tək və yeganə alternativ, məndən soruşsanız, son şansdır. Sizə və prezident Donald Trampa gələcək hakimiyyət dövrü üçün uğurlar arzulayıram”, Vaydel bildirib.
Rəy sorğularında AfD partiyası təxminən 19 faizlə ikinci yerdədir. Partiyanın manifesti miqrasiya ilə mübarizənin gücləndirilməsi, Almaniyanın Avropa İttifaqından çıxması və Rusiyanın işğalçı müharibəsində Almaniyanın Ukraynaya dəstəyinin sona çatdırılması çağırışlarını edir.
Cümə günü daha öncəki paylaşımında Vaydel Avropa İttifaqını Sovet İttifaqına bənzətmişdi.
Almaniyanın Konstitusiya Müdafiə Federal Ofisi AfD-ni ifrat sağçı təşkilat kimi şübhəli görür. Partiya bu ittihamı rədd edir.
Fərqli siyasi partiyaların qanunvericiləri cümə günü Maskın qeydini tənqid ediblər. Lakin Almaniya kansleri Olaf Şolts bunun demokratiyanın bir hissəsi olduğunu bildirib.
“İfadə azadlığı multimilyarderlərə də şamil edilir. Lakin ifadə azadlığı həm də deməkdir ki, düz olmayan və yaxşı siyasi məsləhət olmayan şeylər də deyilə bilər,” Şolts, cümə günü Estoniyaya səfəri zamanı jurnalistlərə bildirib.
O, həmçinin Maskın 2022-ci ildə 44 milyard dollara aldığı X platformasının iqtisadi uğurunu da şübhə altına alıb.
Maskın Almaniya siyasəti ilə bağlı şərhi ABŞ-da Trampın Floridadakı Mar-a-Laqo kurortunda britaniyalı qanunverici Naycel Faracla görüşməsindən günlər sonra baş verib. Görüşdə sağçı populistin “Reform UK” partiyasına 100 milyon dollar məbləğində ianə edilməsi müzakirə olunduğu bildirilir. Amma hər hansı bir razılaşmanın təfərrüatları təsdiqlənməyib.
Almaniyanın əsas siyasi partiyaları AfD ilə heç bir koalisiyada yer almayacağını bəyan ediblər. Bu səbəbdən Vaydelin partiyasının hakimiyyəti qazanması ehtimalı çox azdır.
Almaniya, 2022-ci ildə Rusiyanın işğalından bəri Ukraynaya təxminən 11 milyard dollar hərbi yardım edib. Bu məbləğlə Almaniya Ukraynaya yardım edən ölkələr arasında ABŞ-dan sonra ikinci yerdədir.
İqtisadi təzyiqlər seçki kampaniyasının mərkəzində dayanır. Şoltsun rəhbərlik etdiyi Sosial Demokratlar Partiyası hökumətin borc götürmə limitlərini artırmaq istəyirlər. Onlar bununla Ukraynaya yardım üçün maliyyə ayırmaq niyyətindədirlər.
Şolts hakimiyyətdə qalmaq üçün çətin bir mübarizə aparır. Fridrix Mertsin rəhbərliyi altında Xristian Demokratlar rəy sorğularında böyük fərqlə irəlidirlər. Onlar hökumətin borc limitlərini artırmağa qarşıdırlar.