Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızının "Qadağan olunmuş mövzularda yazmaq" adlı yazısı dərc olunub. Məqaləni olduğu kimi təqdim edirik:
"Bizi Apelyasiya Məhkəməsinə aparan maşın bir neçə gün əvvələ qədər işlədiyimiz ofisin qarşısından keçir.
Həbs olunmuş Ülvi, Nərgiz və mən məhkəməyə aparılırıq.
Hər birimiz dəmir arakəsmələrlə bölünmüş üç ayrı hissədə əyləşdirilmişik, bir-birimizi görmürük.
Oturduğum yer üzü pəncərəyə baxır və dəmir barmaqlıqlardan yol görünür.
Ofisin binası görünməyə başlayanda dostlara səslənirəm ki, "ofisin qarşısından keçirik".
Onlar yolu görmürlər və işlədiyimiz ofisin qarşısından indi Penitensiar Xidmətin maşını ilə keçməyimiz qəribə hisslər yaradıb.
Yan kabinədən Ülvi səslənir: "Nə vaxtsa ağlınıza gələrdi ki, iş yerinin qarşısında Penitensiar Xidmətin maşınında keçəcəyik?"
"Qadağan olunmuş" mövzularda yazırdıq deyə həbs olunma ehtimalı ilə bağlı, demək olar ki, hər gün danışırdıq. Hətta Ülvi həbs olumamışdan bir neçə gün öncə yeni tikilən təcridxanadan çəkilən fotonu ona göndərib: "Narahat olma, şəraitli yerə düşəcəksən", – deyə zarafat da etmişdim. O isə gülüb həbsə hazır olduğunu yazmışdı.
Ülvi ilə həbs olunacağımızı gözləsək də, ümumilikdə bir medianın 6 jurnalistinin, üstəlik, bizə müsahibə verdiyinə görə iqtisadçı dostumuzun həbs olunacağını gözləmirdik.
İlk dəfə idi ki, Azərbaycanda bir medianın 6 əməkdaşı həbs olunurdu. Səbəb illərdir ki, adlarını toxunulmaz etmək üçün hər cür qanunsuz üsullara əl atan Prezidentin, onun təyin etdiyi hüquq-mühafizə orqanlarının rəhbərlərinin korrupsiya cinayətləri ilə bağlı araşdırmalar hazırlayıb yaymağımız idi.
Hökümət televiziyalarında İlham Əliyevin "Biz Qarabağa qayıtdıq" qələbə nitqi təkrarlanan vaxt biz insanlara göstərdik ki, bəli, o sizdən əvvəl Qarabağa qayıdıb, torpaq islahatı aparmadan böyük əraziləri öz ailə şirkətinə və təyin etdiyi vəzifəli şəxslərin şirkətlərinə verib.
30 ildir ki, torpaqlarına həsrət qalan məcburi köçkünlər öz yurdlarına qayıtmadan əkinə yararlı torpaqlar vəzifəlilər arasında pay-puş edilmişdi.
"Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq", – deyən Prezidentin Şuşadakı mədəniyyət tədbirlərini xanımı, I vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduna dövlət büdcəsi hesabına gördürdüyünü ortaya çıxardıq.
Bu tədbirlərin ön cərgəsində oturan Prezident və ailə üzvləri gənc ifaçının "Vətəni sevmək azdır, onu qorumaq gərək" ifasını kədərli baxışlarla dinləyirdilər.
Qarabağla bağlı hazırladığımız 11 araşdırma ilə aydın olurdu ki, təkcə Şuşa yox, bütün Qarabağ "məmurlar şəhəri" olub.
Araşdırmalarımız təkcə Qarabağla bitmirdi. Prezidentin kürəkəninin aqropark qurmaq üçün bir kəndin sakinlərini qanunsuz olaraq evlərindən çıxarıb başqa kəndə yerləşdirdiyini üzə çıxarmışdıq.
Kəndlilər hətta qohumlarının qəbirlərini ziyarət etmək üçün şirkətdən icazə alıb kəndlərinə keçə bilərdilər.
Kürəkənin biznesinin çiçəklənməsi üçün hökumət səxavət kisəsini açıb ona güzəştli kreditlər verib, kommunal xətlərini çəkmişdi.
Araşdırmalar çıxdıqca ətrafımızdakı insanlardan, həmkarlarımızdan tez-tez bu sualı eşidirdik: "Qorxmursunuz ki, sizi tutarlar?"
Onlar da, biz də bilirdik ki, bu araşdırmaların davam etməsi bizim həbsimizi yaxınlaşdırır. Amma biz "AbzasMedia"nın fəaliyyətinə başlayanda qarşımıza məqsəd qoymuşduq ki, danışılmayan, çəkinilən mövzulardan danışacağıq. Çünki biz bilirik ki, bu gün korrupsiya cinayətlərindən danışılmasını qadağan etməyə çalışan Prezident bir gün bu ölkədə "azadlıq", "demokratiya", "insan haqqları", "media azadlığı" kəlimələrini işlətməyi də yasaqlayacaq.
Və bir gün gələcək ki, insanlar dərdlərini danışmağa "icazəli söz" tapmayacaqlar: Corc Oruelin "1984", Rişard Kapuşinskinin "Şahənşah" əsərində qeyd etdikləri kimi…
"Toxunulmaz" şəxlərlə bağlı yazmaq təkcə vətəndaşlara onların ödədiyi vergilərin, onlara məxsus yeraltı və yerüstü sərvətlərdən əldə olunan gəlirlərin kimlər vasitəsi ilə mənimsənildiyini göstərmək üçün deyildi. Bu həm də Prezident ailəsinin "toxunulmaz" olmadığını, onların qanunsuz əməllərindən danışmağın mümkün olduğunu göstərmək üçün idi.
İndi isə biz araşdırmalarımızla onların hansı əməllərini ortaya çıxarmışdıqsa, onlar bizi həmin əməllərdə ittiham edirlər.
Hazırda ölkədə 15 müstəqil jurnalist qaçaqmalçılıqda ittiham olunur. 20 illik prezidentlik dövründə gəlirlərini heç vaxt bəyan etməyən İlham Əliyev 15 jurnalisti gömrüyə bəyan etmədən ölkəyə pul keçirməkdə günahlandırıb həbsdə saxlayır.
Biz indi ölkədəki seçkilər kimi nəticələri əvvəldən məlum olan məhkəmələrimizdə İlham Əliyevin korrupsiya cinayətlərindən danışıb buna görə həbs olunduğumuzu deyəndə hakimlər təşvişə düşürlər.
Bu faktları başqalarının dilindən eşitmək belə onları halbahal edir. Amma biz Prezident ailəsinin korrupsiya cinayətləri barədə danışmağa davam edirik. Çünki bizim həbsimiz hərəkətimizi məhdudlaşdıra bilər, sözümüzü yox.
Onlar düşünürdülər ki, "AbzasMedia" ilə əməkdaşlıq edən jurnalistləri həbs etməklə onları "sözəbaxan" edə bilərlər. Amma reportyorumuz Nərgiz həbs qərarından sonra məhkəməni gülərək tərk edirdi.
Elnarə son dindirilməsinə gedərkən həbsxanaya göndəriləcək ilk sovqatını özü yığmışdı.
Biz soyuqqanlı olmağın çətin olduğu dönəmdən keçirik.
Saxlanıldığım kameranın qarşı tərəfindən 2 kamera məni Elnarədən, sol tərəfdən 1 kamera isə məni Nərgizdən ayırır. Amma biz bir-birimizi burada da tək qoymamağa çalışırıq.
İyulun 17-də biz Nərgizin 26 yaşını həbsxanada qeyd etdik. Gecə 12-də qapımızın balaca nəfəsliyindən ona mahnı oxuyub doğum gününü Elnarə ilə birlikdə təbrik etdik.
Bu o Nərgizdir ki, məhkəmədə: "Yuxarıdan gələn sifarişi tez oxuyun, mənim vaxtımı çox almayın", – deyib hakimi təəccübləndirmişdi.
Bizim kamera yoldaşlarımız da kimlərin korrupsiya cinayətlərindən yazdığımızı eşidəndə təəccüblənirlər. Həbsxanaya düşəndən tez-tez bu sualı eşidirəm: "Bu sizə lazım idi? Niyə özünüzü belə təhlükəyə atmısınız?"
Mən də onlardan soruşuram:
– Sizə yalan xəbər verməyimizə razı olardınız?
– Yox, – deyirlər.
– Bəs bildiklərimizi qorxub sizdən gizlətməyə necə, razı olardınız?
Yenə "Yox" cavabı alıram.
Biz də onlara doğru, senzurasız xəbəri layiq bildik, sonu həbs olsa da…"
"Abzas Media" işi ilə bağlı nə baş verib?
“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.
Qeyd: Bu, jurnalist Sevinc Vaqifqızının fikirləridir. Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini iddia edir.