İran Azərbaycanında yanacaq istehlakına qənaət səbəbindən idarələr və məktəblər bağlı qalmaqda davam edir

Təbrizdə qar - Dekabr 2024

İran Azərbaycanı daxil olmaqla İranın 20-dən artıq vilayətində qaz çatışmazlığı, şiddətli soyuqlar və havanın çirklənməsi səbəbindən ardıcıl bir neçə gündür ki, məktəblər, idarələr və banklar bağlıdır.

İranın rəsmi və yarı-rəsmi xəbər agentliklərinə istinadən, çərşənbə günü Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərində məktəblər, universitetlər, idarələr və banklar bağlı qalmaqda davam edəcək.

Çərşənbə günü Zəncan vilayətində məktəblərin bağlı, dövlət ofisləri və bankların isə açıq olduğu bildirilib.

İran mediası enerji istehlakını azaltmaq üçün bəzi vilayətlərdə məktəblərin həftənin sonuna qədər bağlı olacağına dair məlumat yayıb.

Daxili İşlər Nazirliyinin müxtəlif vilayətlərə göndərdiyi direktivə əsasən, idarə və məktəblərin bağlanması və ya iş saatlarının azaldılması yanacaqdan optimal istifadə və maksimum enerji qənaəti məqsədi ilə həyata keçirilir.

“Daxili işlər nazirliyinin nazirlər kabineti tərəfindən qəbul edilən diretivinə görə, soyuqların artması, enerji istehlakı və havanı çirkləndirən tullantıların sürətlə artması ilə əlaqədar yanacağın optimal istifadəsi və maksimum enerji qənaəti üçün lazımi tədbirlərin görülməsi məqsədi ilə idarələr, bələdiyyələr və özəl sektora məxsus ümumi xidmət ofisləri bağlanıb və ya iş saatları azaldılır,” deyə bəzi valiliklər tərəfindən yayılan açıqlamada qeyd edilib.