Azərbaycan Mərkəzi Bankı: 2025-ci ildə valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas var

Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə valyuta bazarında sabitlik gözləyir.

Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatında deyilir.

Məlumatda deyilir ki, 2024-cü ilin noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 10.9 mlrd. ABŞ dolları təşkil edib.

Qeyd edilib ki, AMB-nin valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur.

“Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir”, məlumatda qeyd edilib.

Oktyabr proqnozuna görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5.5 mlrd. ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

Öz növbəsində, iqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə deyib ki, Azərbaycanda manatın məzənnəsi inzibatidir.

“Bunu artıq rəsmi qurumlar da etiraf edir. Bazar iqtisadiyyatı qaydaları manatın məzənnəsinə təsir göstərmir.

Sadəcə Azərbaycanda manatın məzənnəsinə təsir göstərən əsas neft qiymətləridir. Bu qiymətlər manata dolayı təsir göstərən əsas amildir. O ki qaldı Mərkəzi Bankın və rəsmi qurumların açıqlamalarına ki, ölkədə ən azı üç illik valyuta ehtiyaları var. Bu illərdir davam edən açıqlamalardır. Amma bu o demək deyil ki, ehtiyatları son qəpiyinə qədər xərcləmək lazımdır”, Cəfərli əlavə edib.

Onun fikrincə, neftin qiymətindən aslı olaraq manatın məzənnəsinin gələcək taleyi də müəyyənləşəcək.

Ekspert hesab edir ki, neftin qiyməti Azərbaycan büdcəsində 70 dollar götürülüb. Bu kifayət qədər riskli yanaşmadır.

“Gələn il geosiyasi gərginlik azalarsa və Amerika neft hasilatını artırarsa o zaman Azərbaycan höküməti məcburən manatın məzənnəsi ilə bağlı müəyyən qərarlar verməlidir və verəcək. Amma bunun zamanı ancaq inzibati qərar olduğuna görə, ancaq hökümətin və Mərkəzi Bankın birgə aldığı qərarlardan müəyyənləşəcək. Ehtimallar belədir ki, gələn ilin sonu artıq belə bir qərarın verilməsi ehtimalı kifayət qədər yüksək olacaq”, o deyib.

Xatırlatma

2015-ci ilin fevralın 21-i və və dekabrın 21-də Azərbaycanda iki devalvasiya baş verdi, manat dollar qarşısında iki dəfədən çox dəyər itirdi. Onda problemli kreditlərin həcminin artdığı və 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. Lakin Azərbaycan Prezidenti 2019-cu il fevralın 3-də fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verib və bundan sonra problemli kreditlər kəskin azalmağa başlayıb.